Azərbaycanın Şuşa şəhəri ilə və Türkiyənin Kayseri şəhəri qardaşlaşıb.

İmzalanan sənədə əsasən, iki qardaşlaşmış şəhər mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətindədirlər. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç birgə fəaliyyətin əhəmiyyətindən danışıblar. Qarşılıqlı əlaqələrin daha da inkişafı üçün UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində əməkdaşlıq ediləcəyi vurğulanıb.