Sülhməramlıların 26 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Sülhməramlıların 26 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb

30 Yanvar, 14:33 Sosial mediada paylaşın:

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10 təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Həmçinin Laçından Xankəndi istiqamətinə doğru sülhməramlılarının 13 təminat-təchizat və iki minik avtomobili keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

CANLI YAYIM