Uşaqların informasiya təhlükəsizliyi qlobal mövzulardandır.

Bu fikirləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədov “Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda oktyabrın 2-də keçirilən konfransda səsləndirib.

Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdıran R.Məmmədov qeyd edib ki, bu məsələnin böyük önəm kəsb etməsi həm 44 günlük Vətən müharibəsi, həm də bu yaxınlarda Qarabağda separatçı rejimin zərərsizləşdirilməsi üçün keçirilən antiterror tədbirləri zamanı özünü göstərdi.

“Biz əvvəlcə problemin haradan qaynaqlandığını müəyyən etməliyik. Sonra onun qarşısının alınması və aradan qaldırılması istiqamətində işimizi görməliyik.

Uşaqlara qarşı da kiber hücumlar edilir. Çünki onlara təsir etmək və idarə etmək asandır. Xalqın gələcəyi olan uşaqlarımızı informasiya təhlükəsindən qorumaq üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bunun üçün ilk növbədə, dünya təcrübəsinə əsasən, filtr sistemindən istifadə olunmalıdır”, - deyə AzTV-nin sədri diqqətə çatdırıb.