İrəvan şəhərində mövcud olmuş məscidlər haqqında müxtəlif dövrlərdə İrəvanda olmuş səyyahların və Rusiya işğalından sonra İrəvan şəhəri haqqında yazan ayrı-ayrı müəlliflərin əsərlərində kifayət qədər məlumat öz əksini tapmışdır.
İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi, Göy məscidin (digər adı Hüseynəli xan məscidi) adı birinci çəkilir. Miqyasına görə İrəvandakı Göy məscid Qafqazda ən böyük məscid olmuşdur.
Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına Hüseynəli xan Qacarın hakimiyyəti dövründə 1760-cı ildə başlanılmış, 1766-cı ildə başa çatdırılmışdır.
İrəvan şəhərinin Rusiya işğalından sonra 1829-1832-ci illərdə kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin verdiyi məlumata görə, şəhərdə 8 məscid mövcud olmuşdur ki, onlardan 2-si Qalada, 6-sı isə şəhərdə yerləşmişdir.
Qeyd edək ki, Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30-cu illərində İrəvandakı bütün məscidlərin sökülməsi qərara alınsa da, məşhur erməni şairi Yeğişe Çarensin ciddi səyləri nəticəsində onun “Mavi brilyant” adlandırdığı Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas edilmişdi. 1936-cı ildən Göy məscidin binasında İrəvan şəhər Tarix muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət həm də hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə, həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdir.
Göy məscidin AzTV-nin "Həftə" proqramında efirə gedən görüntülərini təqdim edirik.