Azərbaycan “2023-cü il üzrə Avrasiya Həftəsi”ndə iştirak edib

Azərbaycan “2023-cü il üzrə Avrasiya Həftəsi”ndə iştirak edib

16 Dekabr, 09:44 Sosial mediada paylaşın:

Fransanın paytaxtı Parisdə keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “2023-cü il üzrə Avrasiya Həftəsi” çərçivəsində keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyəti iştirak edib.

“2023-cü il üzrə Avrasiya Həftəsi” çərçivəsində panel müzakirələr təşkil olunub.

“Dayanıqlılıq və Bərpa: Müharibə və pandemiyanın sarsıntılarının aradan qaldırılması”, “Avrasiyanı əlaqələndirmək: Ticarət və nəqliyyat” mövzularında keçirilən panel sessiyalarda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın da iştirak etdiyi tədbirdə mürəkkəb qlobal iqtisadi fonda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən institusional islahatlar, biznesə çoxtərəfli dəstək mexanizmləri, meqa nəqliyyat və enerji layihələri nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf edərək şaxələndiyi, biznes mühitinin daha da yaxşılaşdığı, rəqəmsal transformasiya və iqtisadiyyatın innovasiya yönümlülüyünün, maliyyə sabitliyinin daha da gücləndiyi qeyd olunub.

Panel sessiyalarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışılıb, dövlət başçısı tərəfindən bu ərazinin “yaşıl” enerji zonası elan edildiyi vurğulanıb.

“2023-cü il üzrə Avrasiya Həftəsi” çərçivəsində keçirilən OECD-nin Rəqabətqabiliyyətlilik Proqramının Rəhbərlər Komitəsinin iclasında pandemiya və müharibə şoklarına qalib gəlmək üçün dözümlülük və bərpa, Avrasiyada biznes mühiti və islahatlar, aşağı karbona keçid, dayanıqlı infrastruktur üzrə strateji çərçivələr və digər mövzularda müzakirələr aparılıb.

Tədbirdə ölkəmizlə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının səmərəli əməkdaşlığı vurğulanıb. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi qərarına istinad edilərək ölkəmizə dəstək verən ölkələrə təşəkkür ifadə olunub və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri tədbirdə fəal iştiraka dəvət edilib.

Qeyd edək ki, “Avrasiya Həftəsi” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı (Eurasia Competitiveness Programme) çərçivəsində hər il təşkil olunan yüksək səviyyəli tədbirdir. Tədbirdə Avrasiya regionu üzrə ümumi problemlərin müzakirəsi təşkil olunur və ən yaxşı təcrübələrin mübadiləsi həyata keçirilir.

CANLI YAYIM