Bu günə qədər ölkəmizin 21 bölgəsini əhatə edən görüşlərdə, qarşılıqlı disskusiyalarda Azərbaycan Televiziyasının Analitik Qrupu iki min nəfərə yaxın respondentin fikir və təkliflərini öyrənib.
Bu müddət ərzində səfərlərin nəticələri və görülən işlərlə bağlı Analitik Qrup hesabat hazırlayıb.
Qrup rəhbəri Faiq Hüsiyevin sözlərinə görə, tamaşaçılar tərəfindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən “AzTV”, “Mədəniyyət”, “İdman” telekanallarına, həmçinin “Azərbaycan Radiosu” və “Beynəlxalq Radio”-nun verilişlərinə qarşı indiyədək heç bir ciddi irad səsləndirilməyib. QSC-yə daxil olan telekanalların və radioların fəaliyyəti yüksək qiymətləndirilib.
“İndiyədək səsləndirilən təkliflər əsasında efir siyasətimizə müəyyən düzəlişlər edilib, operativ şəkildə süjetlər çəkilib və bir-neçə veriliş hazırlanıb. Bu da tamaşaçı təkliflərinə reaksiyadan və həssas münasibətdən xəbər verir”, – deyən qrup rəhbəri onu da vurğulayıb ki, tamaşaçı bütün bunlarla yanaşı regionlarda baş verən hadisələrə, şəhər və qəsəbələrdə müxtəlif əmək fəaliyyəti ilə məşğul olan insanların peşə uğurlarına, onların həyat hekayələrinə daha geniş efir vaxtının ayrılmasını istəyir. Bölgələrdə mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığından bəhs edən tədbirlərin keçirilməsinin vacibliyi də mütəmadi şəkildə vurğulanır.
Hesabatda o da qeyd olunur ki, tamaşaçılar eyni zamanda ailə dəyərlərinin qorunması və ailə institutunun təbliğ edilməsi, həmçinin narkomaniyanın qarşısının alınmasına hesablanmış verilişlərin hazırlanması sosial sifariş kimi stabil xarakter daşımalıdır. Tamaşaçılar milli-mənəvi dəyərlərimizə və əxlaq sisteminə təhlükə yaradan verilişlərə görə özəl telekanal rəhbərlərinə qarşı ciddi iradlar səsləndirir, bu səpkili proqramların bağlanmasını və ya daxili senzuranın tətbiq olunmasını xahiş edirlər.
Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Analitik Qrup tamaşaçıların efir ilə bağlı iradlarını, rəy və təkliflərini yerində öyrənmək məqsədilə yaradılıb. 2022-ci ilin mart ayında yaradılan qrup bölgələrdə tamaşaçılarla birbaşa görüşlər keçirən yeganə televiziya strukturudur.