Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib. 14-16 iyul tarixlərində “Baku Ekspo Mərkəzi”ndə keçirilən müsabiqənin finalında iştirak edən 109 namizəddən ən yüksək bal toplayan 22 nəfər qalib adını qazanıb. Qaliblərdən 4-ü qadındır. 12 qalib öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib. Ən gənc 2 qalibin 26, ən yaşlı 2 qalibin isə 35 yaşı var. Final mərhələsində göstərilən ən yüksək nəticə 24 bal olub.

Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilib. Bu təcrübə ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılıb və böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Sözügedən mərhələlərdə strateji düşüncə, nəticələrə yönümlülük, komanda işi bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb.

Finalda, həmçinin iştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə “Azərbaycan arzusu” keysi üzrə tapşırıqları yerinə yetiriblər. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təhkim edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib.

Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 7 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib.

Qeyd edək ki, üçüncü “Yüksəliş" müsabiqəsinin qaliblərindən olan Toğrul İslam "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov və ADA Universitetinin rektoru Hafiz Paşayevlə 1 il müddətində Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.