Ermənistanın işğalçılıq siyasəti bu ölkəni beynəlxalq siyasi arenada getdikcə daha çox küncə sıxır.

Ötən ayın əvvəllərində “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında, daha sonra Aşqabadda keçirilən MDB dövlət başçılarının toplantısında, bundan bir neçə gün sonra Bakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşündə, nəhayət, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Azərbaycan Prezidentinin diplomatik zərbələri Ermənistan siyasi hakimiyyəti üçün dağıdıcı artilleriya təsiri göstərdi.

Ermənistanın bəzi media orqanlarının Rusiya XİN rəhbərinin İrəvana səfərində verdiyi bəyanatlar ətrafında spekulyativ müzakirələri qısamüddətli "ağrıkəsici" qəbulu idi, əslində isə Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi BMT-nin qətnamələri ilə ziddiyət təşkil etmir. Həmin qətnamələrdə isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin təmin olunması birmənalı şəkildə ifadə olunur. Lavrovun İrəvan səfərinin, əslində Ermənistanın siyasi hakimiyyətinin mərkəzdənqaçma meyilləri, Kremlin bu ölkə ilə bağlı narahatlıqları ilə bağlı olduğu gün kimi aydındır. Ermənistan siyasi hakimiyyəti bu səfərə hansı don geyindirsə belə...

Qayıdaq Bakıya. Ermənistan üçün bu günlərdə Bakıda keçirilən Dünya dini liderlərinin II Sammiti də arzuolunmaz idi.

Birincisi, ona görə ki, Azərbaycan növbəti dəfə qlobal dialoqun, sülhün, multikulturalizmin paytaxtı kimi diqqət mərkəzinə gəlir, öz həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır.

İkincisi isə Sammitdə səslənən bəyanatlar, eləcə də onun yekun Bəyənnaməsi Ermənistanın növbəti diplomatik məğlubiyyəti, bu ölkənin onsuz da aşağı olan reputasiyasına -  təcrübəsiz Paşinyan və komandasının başlamamış iflasa uğrayan siyasi karyerasına növbəti zərbə idi.

Sammitdəki çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu ali tribunadan növbəti dəfə uğurla istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətini münaqişəyə, onun həlli ilə bağlı aparılan danışıqlara və Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, danışıqlardakı destruktiv mövqeyinə yönəltdi.

Dövlətimizin başçısı qeyd etdi ki, dinlərarası dialoqdan danışarkən, əlbəttə ki, biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. “Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur” - deyən prezident qeyd etdi ki, sadəcə olaraq, XIX əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülmüşlər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdır.

“Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır, çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir, Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir”, - deyə prezident tarixi arayış təqdim etdi və bildirdi ki, Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlayıb və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşüb: “Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir, bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”.

Prezident İlham Əliyevin çıxışında bir sıra mesajlar aydın oxunur:

·        Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, bunu bütün uzaq və yaxın keçmişə dair faktlar da sübut edir.

·        Söhbət yalnız Dağlıq Qarabağın yox, həm də ətrafda olan 7 rayonun işğalından gedir – bu isə Ermənistanın işğalçı mahiyyətini bir daha ifadə edir.

·        Münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq – Azərbaycanın üzləşdiyi gerçəklik əslində qlobal təhdiddir.

·        Ermənistan beynəlxalq hüququn normalarına əməl etmir.

·        İstənilən halda, münaqişənin həllinin yalnız bir yolu var – Azərbaycanın ərazi bütövlüyünün bərpası!

Ölkə başçısının çıxışının sonunda səsləndirdiyi “Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq” cümləsi ümumilikdə sammitin mahiyyəti, məramı ilə bağlı olsa belə, Rusiya XİN rəhbərinin İrəvan səfərindəki çıxışından xüsusilə erməni tərəfinin “çıxardığı” nəticələrə cavab kimi də səslənir.

Sammitin yekun bəyənnaməsində də münaqişə ilə bağlı olduqca mühüm detallar var. Məsələn, sənəddə silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə nəticələndiyindən və bu xüsusda dünya mədəni və mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından dərin narahatlıq ifadə olunub.

Bəyənnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıq və çağırış açıq mətnlə ifadə olunur. Sənəddə bütün dinlərin müqəddəs ibadətgahlarında, o cümlədən səmavi dinlərin müqəddəs məkanı olan Qüdsdə təxribatların və zorakılıq hallarının qarşısının alınmasında əməli səy göstərməyə, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq ictimaiyyət və yerli cəmiyyət daxilində təşviq edilməsinə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə, UNESCO-nun Nizamnaməsinə istinadən, dini, mədəni və etnik müxtəlifliyin qəbul olunması və buna hörmətlə yanaşılmasının təşviq edilməsinə, habelə dini və mədəni irsin qorunmasına, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə və BMT-nin Uşaq Hüquqları Konvensiyasına riayət etməyə, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırış yer alıb.

Vüsal Məmmədov
Analitik Qrup