Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışı olub.
Azərbaycan Televiziyasının əməkdaşı Ayşəm Rüstəmova sözügedən məkanda olub və oradan reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:
“Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar... Azərbaycanın prioritetlərindən biri... Ümumilikdə 17 stansiya və dayanacaqdan ibarət olan xətdə daha bir stansiya istifadəyə verildi.
Buranın istifadəyə verilməsi ilə sərnişinlər Pirşağıdan Bakı Dəmir Yolu Vağzalına cəmi 25-30 dəqiqəyə çatacaq.
Bu, yalnız vaxta qənaət, məsafənin azalması, yol xərcinin minimuma düşməsi deyil. Həm də Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayan dəmir yolları, elektrik qatarlarının yenidən aktuallaşması deməkdir.
Pirşağı stansiyasının ümumi tikinti sahəsi 10 min kvadratmetrdən çoxdur. Təkcə Sabunçu-Zabrat-1-Zabrat-2-Məmmədli-Pirşağı dəmir yolu xətti istiqamətində 6 avtomobil alt və piyada keçidləri tikilib.
Abşeron dairəvi dəmir yolu xətti Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Abşeron dairəsini - yəni Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu”nu birləşdirən yol ilin axırınadək tamamlanacaq. Bununla da gündəlik təqribən 25-30 min sərnişin daşımaq mümkün olacaq. Bu, həm insanların rahatlığı, həm də avtomobil yolunun yükünün azalması deməkdir”.
Ayşəm Rüstəmova