Xəzər dənizinin dayazlaşması eyni sürətlə davam edərsə, yaxın gələcəkdə sahilyanı ölkələrin sosial-iqtisadi problemləri yranacaq.
Bu barədə Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun baş elmi işçisi, professor-okeanoloq Andrey Kostyanoy bildirib.
Professor qeyd edib ki, iqlim dəyişikliyi Xəzər dənizinin səviyyəsinə birbaşa təsir göstərir:
“Bu, Xəzər dənizinin su balansının dəyişməsinə gətirib çıxarır ki, bu da dəniz səviyyəsinin artıb-azalmasını müəyyənləşdirir”.
Kostyanoy qeyd edib ki, dənizin su balansının əsas komponentini çayların axını təşkil edir. “Təəssüf ki, hazırda bu da azalır. Səbəb isə onların su hövzələrinə düşən yağıntıların miqadarının azalması, havanın temperaturunun artması, eləcə də Xəzər dənizinin özündən buxarlanmadır”, - o vurğulayıb.
Professor onu da bildirib ki, Xəzərin dayazlaşması problemində insan fəaliyyəti o qədər də böyük rol oynamır:
“Xüsusilə, 1995-ci ildən - dəniz səviyyəsinin daim azalmağa başladığı müasir dövrdən etibarən, iqlim faktorları ilə müqayisədə Xəzər dənizinin dayazlaşmasında insan fəaliyyəti nəzərəçarpacaq dərəcədə az rol oynayır”.
Xəzər dənizinin dayazlaşmasının fəsadlarından danışan A.Kostyanoy vurğulayıb ki, bu tendensiya beş sahilyanı dövlətin hamısına problem yaradacaq.
“Əgər dayazlaşma hələ bir neçə onilliklər ərzində belə davam edərsə, gələcəkdə ekoloji problemlərlə yanaşı, həll edilməli olan sosial-iqtisadi problemlər də yaranacaq. Bunların arasında limanların və dəniz infrastrukturunun fəaliyyətinin pozulması, gəmi daşımalarının azalması və sair də var”, - o qeyd edib.
Okeanoloq bildirib ki, bu, gəlirlərin azalması, işsizlik, əmək miqrasiyası kimi sosial problemlərə gətirib çıxara bilər.
Noyabrda Bakıda keçiriləcək COP29-dan gözləntiləri haqda danışan professor bu məsələ ilə bağlı mütəxəssislər arasında dialoqa ümid etdiyini vurğulayıb.
“Ümid edirəm ki, COP29 Xəzər dənizinin dayazlaşması problemlərinə dair mütəxəssislərin və qərar qəbul edən şəxslərin görüşlərinin keçirilməsi üçün mühüm platformaya çevriləcək”, - o deyib.