Ölkəmizdə qış turizminə start verilib. Dağlıq bölgələrə qarın yağması ilə həmin ərazilərdə yerləşən turizm obyektləri turistlərin sevimli məkanına çevrilib. Yay turizmi ilə daha çox məşhur olan Qubada son illər qış turziminin inkişafı üçün də mühüm işlər görülüb, güclü infrastruktur yaradılıb.
Bəs turistləri bu qış burada hansı yeniliklər gözləyir?
Öz füsünkar təbiəti ilə Quba ilin bütün fəsillərində həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardandır. Artıq təqvim üzrə qış turizm mövsümünə start verilməsi də bunu bir daha təsdiqləyir. Mövsümün erkən başlamasına baxmayaraq, Qubada 50-dək turizm obyekti gələn qonaqlara xidmət göstərəcək.
Qubada 3, 4 və 5 ulduzlu otellər, müxtəlif tipli turizm obyektləri fəaliyyət göstərir. Bu il rayonda turizm marşrutlarının sayı artırılaraq 4-dən 6-ya çatdırılıb. Bu marşrutlar üzərində 150-dən çox təbiət və tarixi memarlıq abidəsi, maraqlı adət və ənənələri, ləziz mətbəx nümunələri olan, etnik müxtəlifliyə malik qədim yaşayış məntəqələri yerləşir. Hazırda Qubanın gəzməli-görməli yerlərinə üz tutanların sayında artım müşahidə olunur.
Bölgələrdə yaradılan turizm infrastrukturu ölkəyə turist axınına səbəb olmaqla yanaşı, vətəndaşlarımızın da öz istirahətlərini daha çox ölkə ərazisində keçirməsinə imkan yaradıb.
Hazırda Qubanın yeni turizm xəritələri hazırlanıb. Turizm vəsaitlərində rayonun turizm məkanları və turistlər üçün nəzərdə tutulmuş məhsullar öz əksini tapıb. İngilis dilində hazırlanan xəritələr otellərə və turizm şirkətlərinə təqdim ediləcək. Bu xəritələr turizm müəssisələrinə müraciət edən qonaqlara regiondakı turizm məkanları ilə bağlı tövsiyələr verilməsi üçün münasib vasitədir. Tezliklə Qusarın turizm xəritəsi də istifadə üçün hazır olacaq.
Elnur Teymurov