“AXC-Müsavat hakimiyyəti dövründə Daxili İşlər naziri olan İsgəndər Həmidov ayağıyalın şəkildə studiyaya girib, Baş Nazir Pənah Hüseynin opponenti Vaqif Kərimovu hədələmişdi”.

Bu sözləri millət vəkili, həmin dövrdə jurnalist kimi fəaliyyət göstərən Sahib Alıyev Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişində AXC-Müsavat hakimiyyəti dövründə baş verənlərlə bağlı müzakirələr zamanı səsləndirib.

O dövrdə baş verən hadisələrdən arxiv kadrlara baxan S.Alıyev həmin illərdə ölkədə anarxiyanın hökm sürdüyünü vurğulayıb: “İnsanlar öz qanunverici orqanına güllə atırdı. Həmin görüntülər cəmiyyətdə də təkrarlandı, cəbhədə də təkrarlandı. Hakimiyyətin – hakimiyyət demək olarsa, – dəhlizlərində də təkrarlandı. AXC-Müsavat hakimiyyəti illəri anarxiya dövrü idi.

O vaxt jurnalist kimi fəaliyyət göstərirdim və hadisələr bir neçə addımlığımızda baş verirdi.

Uzun çörək növbələri var idi, küçələrdə insanların başına silah dayayıb maşına mindirirdilər, yaxud maşınını əlindən alırdılar. Aclıq idi. Kim əllərinə keçirdisə, tutub cəbhəyə aparırdılar. Onlar heç bir hazırlıq keçmirdilər, hətta silahları da olmurdu”.

Deputat daha bir faktın üstünü açıb: “Baş Nazirlə Milli İstiqlal Partiyasının təmsilçiləri arasında debat təşkil olunmalı idi, debatı da mən aparmalı idim. Mənə güvənmədikləri üçün debatı aparması üçün öz adamlarından birini qoydular. Mən də ikinci jurnalist kimi debatda iştirak edirdim. O zaman Daxili İşlər naziri olan İsgəndər Həmidov studiyaya ayaqyalın gəldi. Söyüşlər söydü, tapançasını çıxartdı, Pənah Hüseynin opponentini hədələdi. Silahı zorla əlindən aldılar”.