Radioanons
…O, bədii yaradıcılığa 1967- ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində dərc edilən ilk şeirindən sonra başlayıb. O vaxtdan bu günə qədər, ömrünün odlu- alovlu gənclik çağından indiki müdriklik mərtəbəsinəcən öz qələmini bir dəfə də olsun yerə qoymayıb. Dövrün, zamanın çox imtahanlarından, çətin sınaqlarından keçib Vahid Əziz. Amma nə yaxşı ki, hər cür çətinliyə dözməyi bacarıb, bəzən ovqatı, əhval- ruhiyyəsi dəyişsə də, şair təbinin gücü zərrəcə səngiməyib, ilham pərisi perik düşməyib. Saysız – hesabsız qəzet və jurnalların, dərgilərin səhifələri onun bir –birindən gözəl şeirləri ilə “çiçək açıb”, əldən -ələ gəzib, dildən- dilə düşüb.
Mənə 100 il ömür arzulamayın,
Baxışım, gülüşüm, səsim itməsin.
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin.
Vahid Əzizin belə kövrək, belə duyğulu misralarla süslənən poetik nümunələri dövri mətbuatda işıq üzü gördükdən az sonra neçə- neçə bəstəkar üçün “hazırca kökə”yə çevrilib, neçə- neçə müğənninin ifasında səslənərək milyonların ən sevimli mahnısına dönüb.
Böyük istedad sahibinə, ustad şairə olan xalq sevgisi bu günlərdə dövlətimiz tərəfindən də öz yüksək dəyərini aldı:respublika prezidenti tərəfindən Vahid Əziz “Xalq şairi” adına layiq görüldü.
Əziz dinləyicilər! Sevimli söz sahibi, “gənc” xalq şairimiz Vahid Əzizlə söhbət ortağı olmaq istəsəniz, iyulun 3- də saat 23.00- da efirə çıxacaq “Həmsöhbət” verilişinə ( müəllif və aparıcı Kamil Məhərrəmoğludur) qulaq asmağı unutmayın.