Xəbər verildiyi kimi, Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” sərgisinin açılışı olub. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgi ilə tanış olub.
Sərgi iştirakçılarının arasında Azərbaycan şirkətləri ilə yanaşı, ABŞ, Çin, Rusiya, Türkiyə, Fransa, İran, Finlandiya, İsveçrə, Belarus, İsrail, İtaliya, Sloveniya, Xorvatiya və digər ölkələrin aparıcı İT şirkətləri yer alıb.
Milli pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası, eləcə də bir sıra startap layihələri yer alır, elektron hökumət sistemi təqdim olunur.
“Bakutel” sərgisi yeniliklərin nümayişi üçün ölkənin ən böyük qovşağıdır. Burada sənaye liderləri və dövlət strukturları ilə yanaşı, gənc startapçılara öz ixtira və proqramları haqqında məlumat vermək üçün şəraitin təmin edilməsi ənənəsi davam etdirilir. Ümumilikdə isə bu il sərgidə 50-yə yaxın startapçı iştirak edir və müxtəlif fəaliyyət sahələri üçün öz layihələrini təqdim edir.
Paytaxt Bakı ilə bərabər, regionlardan olan startapların da daxil olduğu, “İdeyadan biznesə” startap turlarının finalçılarının layihələri sərgi çərçivəsində təqdim olunur. “Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir.
Sərgi dekabrın 6-na kimi davam edəcək.
Vəfa Ağabalayeva