“Zabrat” aeroportu ərazisində “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi” inşa olunacaq.

“Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməli artıq qoyulub. Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı vertolyotun təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

Regionda bu tipli yeganə müəssisə olacaq “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi” mülki aviasiyanın inkişafı ilə bağlı Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq sahəsində hökumətlərarası komissiyasının qərarlarına əsasən inşa ediləcək. Layihə “Rusiya vertolyotları” səhmdar cəmiyyəti ilə birlikdə həyata keçiriləcək.

“Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin yaradılması Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtisadi siyasətinin davamıdır. Mərkəz Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək, həmçinin yüksək ixtisaslı mütəxəssislər üçün yeni iş yerləri yaradılacaq. Bundan başqa, gələcəkdə “Servis mərkəzi”ndə təmir üçün Rusiya helikopter avadanlıqlarının regional operatorları da cəlb ediləcək.

Vəfa Ağabalayeva