Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçən ilk hava limanı olub. Bunun üçün aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində xidmət göstərən Amadeus şirkəti ilə əməkdaşlıq edilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni informasiya bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini idarə etmək imkanı əldə edib. Yeni proqram təminatı daha yaxşı xidmət göstərilməsinə şərait yaradacaq.
Bulud texnologiyasına keçid məqsədilə “Azərbaycan Hava Yolları” QSC ilə “Amadeus Altéa PSS” proqram təminatının tətbiqi barədə saziş də imzalandı.
Azərbaycan Hava Yolları böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. Ötən il Azərbaycan Hava Yolları ilə 2 milyon 300 mindən çox sərnişin daşınıb.