Respublikada pambıq yığımı başa çatıb və Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə əldə olunan nəticələr müvafiq icra orqanlarının iştiraki ilə müzakirə olunub. Son üç ildə hər hektar üzrə orta məhsuldarlığın 15 sentnerdən 30 sentnerə, ümumi tədarük həcminin isə dəfələrlə artırılaraq 294 min tona çatdırılması ciddi nəticələrin olduğundan xəbər verir.

Bunu AZƏRTAC-a açıqlamasında ekspert Cəfər İbrahimli deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə pambıq tədarük edən cəmi bir şirkətin olması və qiymət başda olmaqla, bütün istehsal şərtlərinin tədarükçü şirkət tərəfində müəyyən edilməsi fermerləri qane etmədiyi üçün pambıq əkininə maraq azaldı. Buna paralel olaraq, texnika və avadanlıq çatışmazlığı, əl əməyinə ehtiyacın çox olması, xüsusilə əllə yığım istehsalın maya dəyərinin artmasına səbəb olurdu. Suvarmada olan çətinliklər, - bu məsələ hələ də istənilən səviyyədə deyil, - məhsuldarlığın və pambıqçılıqda rentabelliyin aşağı düşməsinin başlıca səbəbləri idi.

2015-ci ildən etibarən iqtisadiyyatın yeni tələb və çağırışları çərçivəsində pambıqçılığa yeni yanaşma tənəzzülün dayanmasını və inkişafın təmin olunmasını dəstəklədi. Belə ki, yeni yaradılmış tədarükçü şirkətlərin texniki bazasının formalaşdırılması üçün dövlət dəstəyi göstərildi və nəticədə tədarükçü şirkətlərin fermerə dəstək imkanları artdı. Şirkət dəstəyi ilə fermerlərin daha ucuz və keyfiyyətli xidmətin əlçatanlığı ilə aqrotexniki tədbirlərin vaxtında aparılması təmin edildi. Yüksək məhsuldarlıq üçün dövlət tərəfindən güzəştli qiymətlərlə mineral gübrə və pestisidlərin təmin edilməsi düzgün aqrotexniki tədbirlərin aparılmasına dəstək oldu. Dövlət tərəfindən hər kiloqram pambığa görə subsidiya verilməsi bu sahəyə marağın artmasına, paralel olaraq fermerin məhsuldarlığa diqqətinin artmasını imkan verdi. 2020-ci ildən etibarən hər hektar pambıq əkini üçün əlavə 220 manat torpaq subsidiyasının verilməsi isə pambıqçılığa marağın daha da atmasını təmin edəcək. Son illər Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqədar strukturların birgə fəaliyyəti, fermerlərin çağırış və tələblərinə operativ cavab verilməsi pambıqçılıqda real nəticələrin əldə olunmasını təmin etdi. Pul-kredit siyasətindəki dəyişiklik isə təchizatçı şirkətlərin ixrac imkanlarının və rantabelliyinin artmasına imkan verdi.

Ekspertin qeyd edib ki, son illərdə məhsuldarlığa paralel olaraq, ümumi istehsal həcminin artması fonunda mahlıc və pambıq ipliyinin ixracında artım da müşahidə olunur və ümumilikdə, pambıq və iplik qeyri-neft məhsulları arasında ixrac həcminə görə 3-cü sırada qərarlaşıb. İri ixracatçı şirkətlərin sıralamasına nəzər salsaq, əksər pambıq tədarükü ilə məşğul olan şirkətlərin adı ilk onluğa daxil olub. Ən böyük ticarət tərəfdaşlarımız olan Türkiyə və Rusiyanın pambıq mahlıcına olan tələbini nəzərə alsaq, ölkəmiz daha böyük həcmdə ixrac potensialına malikdir.

“Hazırda pambığın xammal kimi ixracından daha çox, əlavə dəyər zənciri yaratmaq məqsədi ilə yeni iplik və yüngül sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var. Digər tərəfdən ölkədə pambıq tədarükünün davamlılığının təmin olunması, yüngül sənaye müəssisələrinin yaradılması və fəaliyyətinin bərpa olunması fonunda daxili bazarın bu mallara olan tələbatının qarşılanmasına və bu sahədə idxalın azaldılmasına dəstək veriləcəyi gözlənilir. Eyni zamanda, pambıqçılığın inkişafı kənd yerlərində, eləcə də yüngül sənayenin inkişafı fonunda şəhər və rayon mərkəzlərində məşğulluğun artmasına kömək edəcək”, - deyə Cəfər İbrahimli bildirib.