RADİOANONS
Ana radiomuzun gündəlik fəaliyyətində, yeni-yeni uğurlara imza atmasında, geniş dinləyici auditoriyasının zövqünü oxşaya bilməsində “Musiqi verilişləri” redaksiyasının müstəsna yeri var. Bu kollektivin araya-ərsəyə gətirdiyi verilişləri saymaqla bitməz.
“Axşamçağı” əməkdaşlarımız Aynurə Hacıyeva və Rəşad Məmmədovun, necə deyərlər, nazını çəkə-çəkə, sevə-sevə hazırladıqları, xüsusi şövq ilə efirə çıxardıqları bir verilişdir. Yaşı çox olmasa da (təxminən 2 il), daimi dinləyicisi, pərəstişkarları yetərincədir. “Axşamçağı”nın növbəti buraxılışı da, heç şübhəsiz, diqqətdən kənarda qalmayacaq. Aparıcıların budəfəki qonağı…
…O, müasir Azərbaycan vokal ifaçılığı sənətinin istedadlı, parlaq nümayəndəsidir. Kontratenor, eyni zamanda bariton səs tembri ilə diqqəti çəkən bu müğənni gənc olmasına baxmayaraq, zəngin repertuarı ilə seçilir. 5 oktava diapozona malik olması ona istənilən əsəri (Qərbi Avropa, rus bəstəkarlarının mahnı və romansları, Azərbaycan xalq mahnıları) asanlıqla ifa etməyə imkan verir.
Söhbət böyük səhnədə ilk çıxışına “Leyli və Məcnun” operasında Nofəl obrazı ilə başlamış, Roma Teatrının səhnəsində yer almış ilk azərbaycanlı müğənni İlham Nəzərovdan gedir. O, dünyanın bir çox ölkələrində - Avstriya, İtaliya, Rusiya, Çexiya, Fransa, İspaniya, Türkiyə, Yunanıstan, Almaniya, Norveç, İsveç, Finlandiya, Pakistan və s. ölkələrdə konsert proqramları ilə çıxış etmiş, nadir səsi, peşəkar ifası ilə Azərbaycanımızı dünyaya tanıtmışdır.
İlham Nəzərov pedaqoji fəaliyyət ilə də məşğuldur. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantıdır…
Hörmətli dinləyicilər, əziz musiqisevərlər! Yaxşı olar ki, İlham Nəzərovu yaxından tanımaq üçün iyulun 6-da saat 17.05-də efirə çıxacaq “Axşamçağı” verilişini diqqətdən qaçırmayasınız.
Dinləyin, zövq alın!