Azərbaycan Televiziyasının “Çıxışa doğru” tok-şousunda dövlət qurumlarının mətbuat katibləri və ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyəti müzakirə olunub.
Tok-şouda “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev, BakuPost.az xəbər saytının baş redaktoru Elçin Zahiroğlu, Lent.az xəbər saytının baş redaktoru Qabil Abbasoğlu qonaq olub.
Müzakirələr zamanı bəzi strukturlarda ictimaiyyətlə əlaqələr sahəsində çatışmazlıqların olduğu, müvafiq şöbələrin öz işini qənaətbəxş görməməsi qeyd edilib. Eyni zamanda, vurğulanıb ki, işini peşəkar səviyyədə quran qurumlar da az deyil.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib ki, mətbuat katibləri əsas etibarilə pis işləmirlər: “Ola bilsin, mətbuat katibi nə vaxtsa telefona cavab verə bilməsin və ya informasiyanı dəqiqləşdirmək, razılaşdırmaq lazım gəlsin. Ancaq bu, o demək deyil ki, onlar öz işinin öhdəsindən gəlmir”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bəzi jurnalistlərdən gileylənib: “Bəzi jurnalistlər, redaktorlar var ki, hansısa qurumu salır “qara siyahı”ya. “Bakı kart”la davrana bilməyən şəxs hansısa sayta rəhbərlik edir. Öz səhifəsində yazır ki, BNA insanların pulunu talayır. Baxmayaraq ki, sosial şəbəkədə ona sübut olundu ki, səhv etmisən, ancaq düz 3 il qurumu “qara siyahı”ya saldı, materiallar dərc etdi”.