“Azərbaycanın yaratdığı dəmir yolu infrastrukturu daşıyıcılar üçün daha cəlbedicidir”

Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişində Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi istiqamətində həyata keçirilən layihələr, ölkəmizin bu mənada artan əhəmiyyəti müzakirə olunub.
Müzakirələrdə TRACECA layihəsinin Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev, Abşeron Logistika Mərkəzinin direktor müavini Əfqan Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Nəqliyyat-logistika komissiyasının sədr müavini Rövşən Hikmətoğlu və “ADY Konteyner”in direktoru Natiq Cəfərov iştirak ediblər.
TRACECA layihəsinin Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev qeyd edib ki, bir zamanlar Azərbaycanı tanımayan, bu layihələrə dəstək verməyənlər indi ölkəmizlə əməkdaşlığa can atır.
Abşeron Logistika Mərkəzinin direktor müavini Əfqan Məmmədov deyib ki, hazırda Azərbaycanın illik idxalı 11 milyon tondur: “Bu yükün 5 milyon tonu dəmir yolu ilə daşınır ki, onun da 2 milyon tonu Abşeron Logistika Mərkəzi vasitəsi ilə həyata keçirilib”.
“ADY Konteyner”in direktoru Natiq Cəfərov qeyd edib ki, rəhbərlik etdiyi şirkət 2017-ci ildə qurulub və bugünədək konteyner daşımaları 4 dəfə artıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Nəqliyyat-logistika komissiyasının sədr müavini Rövşən Hikmətoğlunun sözlərinə görə, Azərbaycanın yaratdığı dəmir yolu infrastrukturu daşıyıcılar üçün daha cəlbedicidir: “Dəniz daşımaları ilə müqayisədə dəmir yolu daşımaları daha sürətli baş verir. Müştərilər üçün vaxt, qiymət və təhlükəsizlik də olduqca böyük əhəmiyyət kəsb edir. Çindən çıxan qatar Praqaya 18 günə çatır. Fəmi vasitəsilə getsəydi, bu, ən yaxşı halda 2 ay olacaqdı”.