Əhalinin sayının artması, eləcə də insanların rifah halının yüksəlməsi enerji daşıyıcılarına da tələbatı artırır. Kömür, neft və qazdan mütəmadi istifadə müasir dövrdə bir sıra problemləri də qaçılmaz edir. Əksər ölkələr çıxış yolunu alternativ enerji mənblərindən istifadədə görürlər. Artıq bir çox ölkələr nəinki alternativ mənbələr hesabına enerji istehsal edir, hətta fərdi evlərin, idarələrin elektirik enerjisinə tələbatını bu mənbələr hesabına ödəyirlər. Məsələn, Almaniyada 150 min ev, kiçik biznes sahibləri günəş enerjisindən istifadə edir.
İqlim şəraiti Azərbaycanda da fərdi və ya idarələrin bərpa olunan enerji mənbələri ilə təmini üçün əlverişlidir. Xüsusilə günəşdən alınan enerji ilə.
Bir çox xarici ölkələrdə olduğu kimi ölkəmizdə də fərdi evlərdə alternativ enerji mənbələrindən istifadə edilə bilər. Bunun üçün çox vəsait də tələb olunmur. Məsələn 80-100 km metrlik fərdi yaşayış evinin isti su təchizatını təmin etmək üçün cəmi iki-üç günəş kollektoruna ehtiyac var.
Proseslərin həyata keçirilməsi üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində də işlər aparılır. Hətta “bir ev - bir elektrik stansiyası” layihəsi də hazırlanıb. O ki qaldı sözügedən mənbələr hesabına hər hansı evin elektirik enerjisi ilə təmini məsələsinə, onu deyə bilərik ki, orta statistik göstəricilərə görə, ölkəmizdə bir mənzil üçün tələb olunan elektirik enerjisinin həcmi 300 kilovat saatı keçmir. Bunun üçün isə 5 kilovat səviyyəsində hibrid elektirik stansiyasının quraşdırılması kifayətdir. Stansiyanın qiyməti isə tətbiq edilən avadanlıqlara uyğun dəyişir.
Belə ki, Çində istehsal olunan avadanlıqlarla Kanadada istehsal olunan avadanlığın bazar qiyməti arasında 2,5 dəfə fərq var. Məsələn, Kanada istehsalı olan bir kilovat günəş stansiyasının qiyməti 2500 dollara, Çin istehsalı isə 700 dollara başa gəlir.
Bir məqamı da qeyd edək ki, ölkədə günəş panelləri, istillik kollektorları istehsal edən müəssisələr fəaliyyət göstərir. Yerli avadanlıq hesabına bir kv bərpa olunan enerjini orta hesabla 1000 manata formalaşdırmaq mümkündür.
Fərdi evlərdə alternativ enerji mənbələrindən istifadənin üstünlüklərinə gəlincə, ənənəvi enerjidən fərqli olaraq burada enerji itkisi olmayacaq. Bundan əlavə, ekologiyanın çirklənməsinin qarşısı alınacaq. Əgər abonent artıq elektrik enerjisi istehsal edərsə, dövlətə sataraq gəlir də əldə edə bilər.
Bərpa olunan enerji mənbələrindən istifadə təkcə ekologiyanın çirklənməsinin qarşısını almır. Həm də dövlət büdcəsinə əlavə vəsaitin cəlb olumasına imkan yaradır. Belə ki, 1 kilovat saat alternativ enerji mənbəyi hesabına istehsal olunan elektiik enerjisi orta hesabla 0,255 qram şərti yanacağa qənaət etməyə imkan verir. 2018-ci ildə iki milyard kilovat saat elektirik enerjisi bərpa olunan enerji mənbələri hesabına istehsal edilib. Bu da 500 milyon kubmetr qaza qənaət etməyə imkan verib.
Sədaqət Süleyman