Enerji təhlükəsizliyimizi necə təmin edirik? - DİQQƏT ÇƏKƏN BİR NEÇƏ MƏQAM

Enerji təhlükəsizliyimizi necə təmin edirik? - DİQQƏT ÇƏKƏN BİR NEÇƏ MƏQAM

9 Yanvar, 16:40 Sosial mediada paylaşın:

Enerji təhlükəsizliyinin qlobal əhəmiyyətinin artdığı yeni dövrdə enerji mənbələrinin şaxələndirilməsi, enerji infrastrukturunun təkmilləşdirilməsi, eləcə də xarici amillərdən asılılığın aradan qaldırılması bütün dövlətləri qayğılandıran mühüm məsələlərdən biri kimi əhəmiyyətini artırır.

Bir zamanlar enerji idxalçısı olan Azərbaycanın bu gün elektrik enerjisi ixrac etməsi onu göstərir ki, dövlət qarşısında duran vacib milli təhlükəsizlik məsələsini tamamilə həll edib.

Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kVt/s elektrik enerjisi idxal edilirdisə, 2018-ci ildə bu göstərici 131 milyon kVt/s-a qədər azalıb. İxrac isə əksinə, on il ərzində 78% artaraq 1,4 milyard kVt/s-a qədər yüksəlib. Ötən ilin may ayından etibarən Azərbaycan Yunanıstana, Rumıniyaya və Macarıstana elektrik enerjisi ixrac etməyə başlayıb. Əlavə edək ki, bir neçə ildir, Azərbaycan Rusiya, İran, Gürcüstana və eyni zamanda Türkiyəyə elektrik enerjisi ixrac edir. İndi Şərqi Avropa ölkələrindən sonra - növbəti mərhələdə Avstriya və İtaliyanın da Azərbaycan elektrik enerjisinin alıcıları sırasına qoşulması nəzərdə tutulub.

Ümumilikdə 2019-cu ildə ölkəmiz elektrik enerjisinin ixracından 60 milyon dollara qədər vəsait əldə edib.

Daxili tələbat isə tam şəkildə ödənilir, istehlakçılar fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edilir. Bu günədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilib və ya əsaslı təmir edilib. İndiyədək 1 milyon 200 mindən çox yeni sayğac quraşdırılıb ki, bu da itkilərin qarşısının alınmasında mühüm rol oynayıb. Hazırda 56 rayonun paylayıcı elektrik şəbəkəsi üzrə 13 min 500-dən artıq transformator məntəqəsinin yenisi ilə əvəz olunması işləri davam etdirilir.

Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkənin enerji sahəsi ilə bağlı təhlillər apardı, strateji məqamlara toxundu.

Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm komponenti kimi nəzərdən keçirildiyi qəbulda qeyd edildi ki, qarşıya qoyulan prioritetin həllinə nail olunması üçün son 15 il ərzində təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaradılıb, enerji infrastrukturu sahəsində fundamanetal işlər görülüb.
Prezident İlham Əliyev: “Mən bölgələrə çoxsaylı səfərlərim çərçivəsində bir sıra elektrik stansiyalarının, yarımstansiyaların açılışında iştirak etmişəm. Hər zaman maraqlanıram ki, rayonlarda elektrik enerjisi ilə bağlı vəziyyət necədir. Son illər bu sahədə çox böyük dönüş var və bu proses davam etdiriləcək. Hələ ki təmirə ehtiyacı olan enerji infrastrukturumuz var. Biz bu məsələləri ardıcıl şəkildə həll edəcəyik ki, bu sahədə heç bir problem olmasın.

Ölkəmizdə əhalinin və sənaye potensialının artımı diktə edir ki, bu sahə daim diqqət mərkəzində olsun. Odur ki, mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilmişdir. Biz “Xaçmaz”, “Şahdağ”, “Astara”, “Şəki”, “Bakı” stansiyalarını tikdik ki, hər bir bölgədə güclər mövcud olsun və artırılsın. Şirvan şəhərində 800 meqavata yaxın generasiya gücü olan “Cənub” elektrik stansiyası tikilmişdir. “Şimal-1”, “Şimal-2” elektrik stansiyaları istifadəyə verilmişdir. Bütün bunlar böyük zəhmət, uzaqgörənlik tələb edir. Biz vaxtilə idxaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik. İxrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik”.

Ötən ilin sentyabr ayında 400 meqavatlıq “Şimal-2” elektrik stansiyasının istismara verilməsi ilə Azərbaycan öz enerji infrastrukturunu bir qədər də möhkəmləndirməklə yanaşı, istehsal gücünü də artırmış oldu.

Ancaq dayanıqlı inkişafın təmin olunması və ixracın genişləndirilməsi üçün proses  davam etdiriləcək. Dövlət başçısının bu sahə ilə bağlı müəyyən etdiyi konsepsiyada bir neçə istiqamət diqqət çəkir.

Birincisi, daxili enerji tələbatında əldə edilmiş keyfiyyət göstəricilərinin qorunub saxlanılması və daha da yaxşılaşdırılması.

İkincisi, alternativ enerji mənbələrinin müəyyən edilməsi və onlardan səmərəli istifadə olunması. Prezident bu mövzuya da toxunaraq bildirdi: “Biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk”.

Üçüncüsü, enerji istehsalı potensialının tam olaraq realizə olunması və ixrac coğrafiyasının genişləndirilməsi.

Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu da Azərbaycanda bu sahədə aparılan işləri yüksək qiymətləndirir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə, dünya miqyasında isə ikinci yerə layiq görüb.

Vüsal Məmmədov

 

CANLI YAYIM