Dövlətin apardığı iqtisadi siyasətin tərkib hissələrindən biri də ölkədə startap ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsidir. Bu prossesə təkan vermək məqsədi ilə dünyanın startap mərkəzlərində Azərbaycanın “Tech Diaspora”ları yaradılır.
“Tech Diaspora”nın əsas hədəfləri ölkədə startap ekosisteminin inkişafı və xaricdə yaşayan azərbaycanlıları bu prosesə cəlb edərək birgə fəaliyyətin təmin olunmasıdır. Bu məqsədlə Azərbaycanda və dünyanın bir sıra ölkələrində startap sahəsində fəaliyyət göstərən həmyerlilərimizdən ibarət 21 nəfərlik təşəbbüs qrupu yaradılıb.
“Tech Diaspora” nümayəndəlikləri ilkin olaraq startap ekosisteminin inkişaf etdiyi Bakı, Berlin və San Fransisko şəhərlərində fəaliyyətə başlayacaq. Prosesin həyata keçirilməsi Azərbaycanın startaplara daha çox vəsait yatıran və intellektual məhsullar ixrac edən ölkə kimi mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyır.
Layihə çərçivəsində dünyanın startap mərkəzlərindən olan San-Fransiskonun Silikon Vadisində “Azərbaycan İnnovasiyalar Evi”nin yaradılması nəzərdə tutulub. Bununla da həmyerlilərimizin çoxluq təşkil etdiyi şəhərdə təşəbbüs qrupunun iclasları keçiriləcək və “Tech Diaspora”nın fəaliyyəti genişləndiriləcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov 200-dən çox gəncin prosesə cəlb ediləcəyini bildirib: “Ölkə xaricində bizim bildiyimiz 200-dən çox gənc var ki, bu sahə ilə məşğul olur. Biz qısa müddət ərzində bu gəncləri də prosesə cəlb edəcəyik”.
Azərbaycanlı startapçılar da “Tech Diaspora”nın yaradılmasını yerli startaplara xarici investisiyaların cəlb edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirirlər.
Tezliklə innovativ texnologiya sahəsində inkişaf etmiş Sinqapur və Koreya Respublikasında da Azərbaycanın “Tech Diaspora”sı yaradılacaq.
Sabir Bilalov