Ölkə başçısının  tapşırığının icrası olaraq şəhid hərbi qulluqçuların və polis əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi davam etdirilir. Bu çərçivədə 12 minədək şəhidin 18 minədək vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub.

Beləliklə şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi artıq 98 faizə çatıb. Bu il ərzində  şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi tam yekunlaşacaq.

Ödənişlə təmin olunmaq üçün müraciət proseduru çox sadə şəkildə, bir pəncərə prinsipi əsasında təşkil edilib. Belə ki, vərəsələr ödənişi almaq üçün yalnız bir ünvana - notariat kontorlarına müraciət edirlər. Vərəsəlik notarial qaydada təsdiqləndikdən sonra onlardan qəbul olunan sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir və həmin sənədlərə baxılaraq ödəmələrin verilməsinə dair qərarlar qəbul edilir.

Şəhid ailələrinə dövlət qayğısı bununla bitmir. 2018-ci ildə şəhid ailələri və müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə isə 934 mənzil verilib. Əlilliyi olan şəxslərə avtomobilin verilməsinə gəlincə isə, ötən il ərzində şəhid ailələri də daxil olmaqla 600 avtomobil təqdim edilib.

Tural Qurbanov