Paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Bu çərçivədə nəzarət tədbirləri insan resursları ilə yanaşı, xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılacaq. Həmin avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkarlandıqda video-çəkilişlə qeydə alınacaq.
Bu, avtomobilin üzərində qurulmuş 4 kamera vasitəsilə mümkün olacaq. Həmin nəqliyyat vasitələrinin fotoları bazaya göndəriləcək və bazada hansı maşının düzgün yerdə park edilib-edilmədiyi müəyyənləşdiriləcək.
Bu sistem yollarda parklanmaya nəzarət edənlərlə sürücülər arasındakı hər hansı mübahisəli məsələnin həllini minimuma endirməyə hesablanıb.
Paytaxt ərazisində taksi duracaqlarına gəldikdə, artıq bu ərazilərin sayı 21-ə çatdırılıb. Həmin ərazilər şəhərdə daha çox nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerlərdir.
Düzgün yerlərdə park edilməyən avtomobillərə mobil nəzarət tədbirləri həm də tıxac və sıxlığın aradan qaldırılması üçündür. İstənilən halda aidiyyəti qurum tərəfindən yollarda sürücülərə yol hərəkəti qaydalarına əməl etmək, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmaq tövsiyə olunur.
Samir Namiqoğlu