Bu il 6 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılması nəzərdə tutulub. Sözügedən mərkəzlər paytaxla yanaşı, regionları da əhatə edəcək. Bəzi ölkələrdə də “ASAN xidmət” mərkəzləri açılacaq.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.
Bildirib ki, “ASAN xidmət”ə fəaliyyət göstərdiyi 7 il ərzində 6 milyon 500 mindən çox vətəndaş tərəfindən 35 milyondan çox müraciət edilib. Bu isə hər vətəndaşın, azı, 5 dəfə “ASAN xidmət”ə müraciət etməsi deməkdir. Təkcə bu il ərzində “ASAN xidmət”ə 9 milyondan çox müraciət daxil olub.
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 31 mindən çox vətəndaş müraciət edir. Ən çox müraciətlər isə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı olur. Belə ki, gün ərzində təxminən 3 mindən çox insana şəxsiyyət vəsiqəsi verilir.
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2 390 nəfər ilk dəfə müraciət edir. Həmçinin bir gün ərzində xidmətdə 408 nikah qeydə alınır.
Əsas hədəflərdən biri beynəlxalq arenada “ASAN xidmət”in təbliğatını aparmaq və daha çox ölkəyə ixrac etməkdir. Bununla bağlı artıq 13 ölkə ilə işlər görülür. Bu il ərzində bəzi ölkələrdə “ASAN xidmət” mərkəzlərinin açılışı da nəzərdə tutulur. Yeni “INNOLAND” mərkəzləri də istifadəyə veriləcək. Qubada isə ABAD qablaşdırma fabriki fəaliyyətə başlayacaq. 2019-cu il ərzində 920 mindən çox “ASAN viza” verilib. Bu günə qədər ümumilikdə 1 877 835 viza verilib ki, onlardan 619 249-u hava limanın payına düşür. 2019-cu il ərzində rəy toplanmış müraciətlərin sayı 5 milyona yaxındır. Bu, müraciətlərin 54 faizini təşkil edir. Rəylərə əsasən, “ASAN xidmət”dən məmnunluq səviyyəsi 99,3 faiz olub.
Bu günə qədər 21 mindən çox gənc “ASAN könüllü” kimi fəaliyyət göstərib. “ASAN kadr" sayəsində 1362 könüllü işlə təmin olunub. Onlardan 439-u “ASAN xidmət” mərkəzlərində, digərləri isə özəl şirkət və dövlət qurumlarında işə götürülüblər. Ən böyük sosial layihələrdən biri sayılan ABAD vasitəsilə 2 milyon manatdan yuxarı vəsait əldə olunub.
Tural Qurbanov