Çində geniş yayılmış və artıq başqa region ölkələrində də qeydə alınan koronavirusla bağlı dünya ölkələrində profilaktik tədbirlər gücləndirilməkdə davam etdirilir. Ölkəmizdə də Prezident İlham Əliyevin tapşırığı ilə epidemiyaya qarşı qabaqlayıcı tədbirlər görülür. Çindəki tələbələrimizin təxliyyəsi ilə bağlı danışıqlar davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığı ilə epidemiyaya qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Nazirlər Kabinetində keçirilən müşavirədə qəbul olunan qərarlara əsasən, əsas diqqət yetirilən məsələlərdən biri əhalinin maarifləndirilməsidir. Bununla bağlı dünən səhər saatlarından sakinlərin mobil telefonlarına SMS vasitəsilə Səhiyyə Nazirliyi tərəfindən virusdan qorunmanın yolları ilə bağlı tövsiyələrin göndərilməsinə başlanılıb.
Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda xüsusi palatalar ayrılan xəstəxanaların içərisində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə yanaşı, Kliniki Tibbi Mərkəz və 7 saylı uşaq infeksion xəstəxanası da var.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Konsultativ poliklinika şöbəsinin müdiri Nailə Mahmudovanın sözlərinə görə, Azərbaycanda indiyədək koronavirusla bağlı hər hansı yoluxma halı qeydə alınmayıb. Bütün bunlara baxmayaraq institutda xüsusi avadanlıqla təhciz edilən və izolyasiya olunan otaqlar ayrılıb.
Sözügedən virusdan qorunma yollarına gəlincə, insanların mütləq qaydada gigiyenik qaydalara riayət etməsinin, kütləvi yerlərdən uzaq durmasının, həmçinin, qızdırma öskürək, halsızlıq və bu kimi hallar müşahidə edildiyində yaxın ərazilərdə yerləşən xəstəxanlara müraciət etmələrinin vacib olduğu bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı açıqlamada da bildirilir ki, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb. Amma xəstəliyin ölkəyə daxilolma ehtimallarının qarşısının alınması məqsədilə təşkilat koronavirusa qarşı testlərin qısa müddətdə Azərbaycana gətirilməsi planlaşdırılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, artıq virusun genetik kodu da müəyyənləşdirilib. Bu isə xəstəliyə sürətli diaqnozun qoyulmasına kömək göstərəcək. Çindəki azərbaycanlı tələbələr də dövlətin diqqətindədir.
Tələbələrimizin verdiyi məlumata görə, Çinin bəzi şəhərlərində artıq həyat qismən normallaşıb.
Vüsal Qaraca, Tural Qurbanov