Xalça  dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növünə deyilir. Burada açar söz “istilik yaratmaq”dır. Sözün bütün mənalarında bu proses zəhmət tələb edir. İllərdir bu zəhməti çiyinlərində daşıyan insanların – “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində çalışanların gündəlik qayğılarının ödənilməsi dövlətin diqqətindədir.

Ölkə üzrə 21 filial, 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi ilə işini davam etdirən ASC-də həm yun tədarükü məntəqəsində, həm də Yunəyirici-boyaq fabrikində yeniliklər mövcuddur.

Fabrikin iplik istehsalı gücü birnövbəli iş rejimində ildə 250 tondur. Burada istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı yaradacaq.

Yunəyirici boyaq  fabrikinin xammalla təmin olunması üçün Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri işləyir.

Məntəqələrin hər birində 300 ton olmaqla ildə 1500 ton yun qəbul ediləcək. Məntəqələrin yerləşdiyi yer seçilərkən onların ölkəmizin bütün regionlarını əhatə etməsi nəzərə alınıb.

Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, İtaliya və Çin istehsalı olan avadanlıqlar quraşdırılır.

Görülən bütün bu işlərin, çəkilən zəhmətin, qoyulan investisiyanın nəticəsi ipindən sapına, rəngindən “ruh”una qədər yerli, yüksək keyfiyyətli Azərbaycan xalçası olacaq.

Ayşəm Rüstəmova