“Çindən bizim vətəndaşlarımızla birlikdə gələn azərbaycanlı qardaşlarımız üçün bizə təşəkkür etməyinizə ehtiyac yoxdur. Çünki biz bir millətin övladlarıyıq. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın da dediyi kimi, biz iki dövlətik, amma bir millətik. Beləliklə, əlbəttə, o qardaşlarımızı, canlarımızı bizim vətəndaşlarımızdan ayrı tuta bilməzdik, orada qoya bilməzdik. İndi Türkiyədə də rahatdırlar, yaxşıdırlar, mənə də yazırlar, əlaqələrimiz var. Siz də olsaydınız, eynisini edərdiniz”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan hər zaman bir-birini dəstəkləyəcək: “Biz bir-birimizi dəstəkləməyi sizdən öyrəndik, öyrənirik. Sizin “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” sözlərinizi heç bir türk, Türkiyə Cümhuriyyəti vətəndaşı unuda bilməz. Sizin liderliyinizlə bütün bu çətinliklərə qarşı işbirliyimizi, əməkdaşlığımızı davam etdirəcəyik və Sizin liderliyinizlə Türkiyəni və Azərbaycanı, inşallah, hədəflərinə çatdıracağıq. İkili standartlarla, bizə bu cür mövqe nümayiş etdirənlərə qarşı biz də mübarizəmizi, inşallah, birlikdə davam etdirəcəyik. Hər zaman söylədiyimiz kimi, Türkiyənin olduğu qədər Azərbaycanın haqqını və haqlı mübarizəsini də müdafiə etmək bizim üçün vəzifədir. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürlərimi bildirirəm”.