“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başlayır. Ötən ilin dekabrın 27-dən fevralın 2-dək davam edən qeydiyyat mərhələsində uğurla keçən  9775 nəfər müsabiqəyə buraxılıb. Müsabiqənin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcəklər.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqənin qeydiyyat mərhələsindən keçən 11760 nəfərdən  9 min 775 nəfəri növbəti mərhələyə buraxılıb.  Sabahdan etibarən “Yüksəliş” müsabiqəsinin növbəti - onlayn mərhələsinin ilk sınaq imtahanı keçiriləcək.

Onlayn mərhələdə hər bir fənn üzrə suallarla tanışlığa 10 dəqiqə, bir sualın  cavablandırılmasına isə 30 saniyə vaxt ayrılacaq.

Onlayn mərhələnin qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Bu mərhələdə testlər 3 blok - abstrakt düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq. Hər bir qalibə təhsillərini davam etmək üçün 20 min manat qrant ayrılacaq.

Əntiqə Fərəcova