Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə Moskvada növbəti “Azərbaycan sovqatı” guşəsi açılıb. Artıq Moskvanın Novaya-Riqa rayonunun “Tvoy dom” hipermarketində də, “Made in Azerbaijan” brendi ilə məhsullar təqdim olunur.

40-dan çox şirkətin, 150-dən çox məhsulunun təqdim olunduğu hipermarketdə, Rusiya vətəndaşları Azərbaycandan gətirilən meyvə-tərəvəzləri, müxtəlif növ şərab və spirtli içkiləri, limonadları, çay və qənnadı məhsullarını əldə edirlər.

Məhsullarımızdan alan bir alıcı deyib ki, Azərbaycan heyrətamiz ölkədir: “Mətbəxtiniz çox gözəldir, məhsulunuz çox dadlıdır. Azərbaycan gözəl ölkədir, sizinlə fəxr edirik. Biz özümüz Özbəkistanda yaşayırıq, amma sizin ölkənin uğurları ilə qürur duyuruq. Mədəniyyətinizi sevirik, mətbəxtinizin yeri isə bir başqadır”.

Başqa bir alıcı xanım isə bunları deyib: “Mən ümumiyyətlə Azərbaycan istehsalı olan bütün məhsulları sevirəm. Çox sevindirici haldır ki, Moskvanın belə böyük marketlərində Azərbaycan məhsullarından ibarət guşələr açılıb. Çünki, sizin məhsullarınız ekoloji cəhətdən təmizdir. Yediyimiz məhsulların dadında sanki, bir doğmalıq hiss olunur. Bura mənim evimə yaxın olduğundan çox sevinirəm ki, tez-tez sizin məhsullardan ala biləcəm. Arzulayıram ki, Rusiya marketlərində belə guşələr daha çox olsun”.

Daha bir alıcı isə qeyd edib ki, Azərbaycan məhsulları keyfiyyətli və təbii olur: “Övladlarıma görə, mənim üçün maraqlıdır ki, qidalarda əlavə qatqılar olmasın. Ona görə də biz Azərbaycan istehsalı olan çayı, mürəbbələri və təbii balı tez-tez alırıq. Bilirik ki, bunların hamısı təbii və keyfiyyətlidir”.

Guşənin açılışında çıxış edən ölkəmizin Rusiyadakı Ticarət Nümayəndəliyinin rəhbəri Ruslan Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq Azərbaycanda istehsal olunan məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, onun xarici ölkələrdə “Made in Azerbaijan” brendi adı altında təşviqi üçün tədbirlər həyata keçirilir. Nümayəndəliyin rəhbəri onu da bildirib ki, artıq Rusiya bazarlarında Azərbaycan məhsullarına daha tez-tez rast gəlinir. R.Əliyev vurğulayıb ki, bundan sonra da Rusiyanın bir çox marketlərində Azərbaycan məhsullarından ibarət bir neçə guşənin açılışı nəzərdə tutulub.

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi Aparatının Baş məsləhətşisi Namiq Xəlilovun sözlərinə görə isə, təcrübə onu deməyə əsas verir ki, Azərbaycan məhsullarından ibarət guşələr alıcıları cəlb etmək baxımından çox müsbət rol oynayır: “Guşələrdə Azərbaycan istehsalı məhsullar daha tez nəzərə çarpır. Belə böyük marketdə alıcılar artıq bilirlər ki, Azərbaycan məhsulu haradadır, onun yerini rahatlıqla tapırlar”.

“Crocus Group”un “Tvoy dom” Ticarət mərkəzləri şəbəkəsinin marketinq və reklam departamentinin rəhbəri Məhərrəm Əhmədov bildirib ki, rusiyalı alıcılara Azərbaycan məhsulları çox maraqlıdır: “Ələxüsus da, məhsulun keyfiyyətli olması önəmlidir. Ona görə də, biz bu, hipermarketlərdə Azərbaycan məhsulları üçün ayrıca guşə yaratmışıq. Bizim marketlərimizdə bir çox ölkələrin məhsulları təqdim olunur. Onu deməliyəm ki, hazırda Azərbaycan məhsulları ayrıca guşədə təqdim olunur və diqqətləri cəlb edir”.

Rusiyalı alıcılar Azərbaycandan gətirilən məhsullardan razılıqlarını bildiriblər.

“Bu, məhsulları sevməyimin əsas səbəbi ekoloji cəhətdən təmiz və keyfiyyətli olmasıdır. Həmçinin, sizin məhsullar çox dadlıdır. Təəssüf ki, Rusiya bazarında belə keyfiyyətli və dadlı məhsullar azdır. Çox şadam ki, artıq Azərbaycan məhsulları marketlərimizdə geniş təqdim olunur. Xüsusən də ağ gilas mürəbbənizin dadı əvəzsizdir. Çaylarınız da özünün xüsusi rəngi ilə seçilir və çox dadlıdır” – deyə, alıcılardan biri qeyd edib.

Daha bir alıcı isə deyib ki, ən dadlı limonad məhz Azərbaycan istehsalı olan limonaddır: “Çox bəyəndim. Çox sağ olun ki, belə məhsullar təqdim edirsiz”.

“Azərbaycan sovqatı” guşəsinin açılışına gələn qonaqlara milli musiqilərdən ibarət konsert proqramı və Azərbaycan milli mətbəxtinin ləziz təamları təqdim olunub.

Qeyd edək ki, son illər “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində ardıcıl görülən işlər nəticəsində Rusiya bazarlarındakı məhsullarımız özünün rəqabət qabiliyyətliliyi ilə seçilir, alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır.

 

Zakir Musayev, Səfər Səfərov

AZTV-nin Rusiya Bürosu - Moskva