AzTV-nin “Gənclik stansiyası” verilişinin bugünkü buraxılışı 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub.
Müğənni-aparıcı Ellada Eyvazovanın ifası ilə başlayan verilişin qonaqları, Azərbaycan Televiziyasının xanım aparıcıları Nurlana Cəfərova, Səidə Şəfiyeva və Aytac Qənbərova olub. Onlar bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, cəmiyyətdə qadınların rolu, qadınlara ölkəmizdə yaradılan şərait və.s haqqında söhbət açıblar.
“Qadın xoşbəxtliyi nədir?” sualına cavab verən aparıcı Səidə Şəfiyeva deyib ki, hər bir qadın üçün xoşbəxtlik anlayışı fərqli ola bilər: “Bəlkə də banal səslənəcək, amma məncə xoşbəxtlik fiziki və əqli baxımdan sağlamlıqdır. Həmçinin sevib-sevilmək də xoşbəxtlik sayıla bilər. İstər ailədə, istər işində, sevib-sevilmək hissindən insan xoşbəxt olur”. Aytac Qənbərova isə bildirib ki, bu suala bütün qadınların verə biləcəyi ortaq cavablar var: “Ana olmaq, ailədə sevilmək, cəmiyyətdə sevilmək, sağlam olmaq insanın xoşbəxtliyidir. Amma hər qadının da məncə bu suala özünün fərqli cavabı da var. Məsələn bu gün mənim üçün xoşbəxtlik özünü inkişaf etdirə bilmək, özünü yeniləyə bilmək, bacarığının, istedadının, fərqliliyinin fərqinə varmaq xoşbəxtlikdir”. Nurlana Cəfərova isə həmkarlarının fikirlərinə qatılaraq qeyd edib ki, xoşbəxt qadın sevən və sevilən qadındır: “Öz sevdiyi işlə məşğul olan, azad qadın xoşbəxtdir”.
Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Lent.az İnformasiya Agentliyidir. Verilişin tam versiyasına mətnin içərisindəki videomaterialda baxa bilərsiniz.