Son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması maliyyə-bank sektorunda və əhali arasında narahatlığı artırıb. Lakin hökumət dünya iqtisadiyyatında gedən prosesləri daim diqqətdə saxlayaraq qabaqlayıcı tədbirlər həyata keçirir.

Belə ki, qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər Nazirlər Kabinetində keçirilən müşavirədə müzakirə edilib. Qeyd olunub ki, qlobal səviyyədə yaranmış mürəkkəb iqtisadi vəziyyətin mənfi təsirlərini neytrallaşdırmaq üçün ölkəmizin bütün maliyyə və iqtisadi imkanları var. Hökumət davamlı olaraq situasiyanı nəzarətdə saxlayır və makroiqtisadi sabitlik qorunacaq. O da bildirilib ki, vətəndaşlar hətta şənbə və bazar günləri də valyuta mübadilə edə biləcəklər. Baş nazir Əli Əsədov deyib ki, bu gün ölkə iqtisadiyyatı görülən tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Dünyada baş verən neqativ iqtisadi meyillərə baxmayaraq iqtisadiyyatımız inkişaf edir, ölkənin mailyyə imkanları genişlənir. Bu il də ölkədə müsbət dinamika davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ÜDM 2,8 faiz, qeyri-neft ÜDM-i isə 6,7 faiz artıb. İnflyasiya cəmi 2.8 faiz təşkil edib.

Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar valyuta bazarında yaşanan gərginlik və ümumiyyətlə bank sektorundakı son vəziyyət barədə məlumat verən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, ölkədə kifayət qədər nağd valyuta var: “Bankların nağd və qeyri-nağd valyutaya olan tələbləri ödənilib. Dünyada baş verən belə böhranların ölkəmizə təsir etməməsi üçün kifayət qədər ehtiyatlar var. Vətəndaşlar hətta şənbə və bazar günləri də valyuta mübadilə edə biləcəklər”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib ki, xarici şoklara qarşı bir sıra təklif hazırlanıb və bu iş davam etdiriləcək.

Maliyyə naziri Samir Şərifov söyləyib ki, dövlət büdcəsində nəzərdə tutulan bütün həlli vacib xərclər tam icra olunur və bunun üçün kifayət qədər ehtiyyat var.

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə diqqətə çatdırıb ki, son illər dövlət başçısının tapşırığına əsasən görülən tədbirlər nəticəsində neftdən asılılığın azaldılması səviyyəsi xeyli aşağı düşüb. PA rəsmisi vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlıdır. Hətta heç bir fiskal dəyişiklik etmədən belə ölkənin mövcud ehtiyatları bu dayanıqlığı saxlamağa 20 il bəs edər. Amma bununla yanaşı, hökumət vəziyyəti nəzarətdə saxlayır və lazımi addımları atır.

Südabə Cahangirli, Qəhrəman Məmmədov