AzTV-nin “Hədəf” verilişinin budəfəki buraxılışında, ötən gün altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı zamanı təhlükəsizliklə bağlı toxunduğu məsələ müzakirə olunub.
Qeyd edək ki, Prezident təhlükəsizlik kontekstində Azərbaycanın qarşısında duran problemlərlə bağlı öz fikirlərini səsləndirib, parlamentarilərə tövsiyələr verib.
Verilişin qonaqları deputat Rasim Musabəyov və deputat Arzu Nağıyev bu problemlər ətrafında fikirlərini səsləndiriblər. Qonaqlar bildiriblər ki, mütəmadi olaraq Azərbaycana qarşı beynəlxalq təşkilatlar tərəfindən əsassız ittihamlar irəli sürülür ki, hər kəs həmin qüvvələrə cavab verməlidir.
R.Musabəyovun sözlərinə görə, bir çox qüvvələr var ki, ölkələrə həm informasiya müdaxiləsi edirlər, həm ölkələrin daxili siyasətlərinə nüfuz etməyə çalışırlar: “Bununla dövlətlərə nüfuz etmək, diktə etmək niyyəti güdürlər. Ona görə siyasi sistemimiz gərək davamlı və möhkəm olsun ki, hücumları neytrallaşdıra bilək. Hesab edirəm ki, cənab Prezident İlham Əliyev də çıxışında məhz bu məsələləri dedi, deputatlara tövsiyələrini verdi”.
Arzu Nağıyev isə bildirib ki, hər bir dövlətin təhlükəsizliyinə təhdid olan bir sıra məfhumlar var: “Cənab Prezident bütün çıxışlarında deyib ki, əsas məqsəd ölkəmizin müstəqilliyi, təhlükəsizliyi və insanların rifahının yüksək olmasıdır. Bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Müstəqilliyi, təhlükəsizliyimizi qorumaq, rifahımızı yüksəltmək üçün xarici müdaxilələri neytrallaşdırmaq lazımdır. Cənab Prezident dünən bir daha bu məsələlərə toxundu”.
Verilişin tam versiyasını “YouTube” kanalımızdan izləyə bilərsiniz.