Bu həftə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Prezident İlham Əliyevin iştirak etdiyi ilk toplantı dövlət başçısının tarixi çıxışı ilə yadda qaldı. Çıxış proqram xarakteri daşımaqla, ölkəmizdə həyata keçirilən islahatlar, davam etdiriləcək tədbirlər və Milli Məclisin yeni tərkibi qarşısında qoyulan məsələlər baxımından tarixi əhəmiyyət kəsb edir.
Prezident qeyd etdi ki, seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib: “Seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək”.
Dövlət başçısı ölkədə başlanmış yeni islahatlar kursunun davam etdiriləcəyi anonsunu verməklə yanaşı, parlamentdən də bu kursa dəstək gözlədiyini ifadə etdi.
“Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”, – deyə prezident qeyd etdi.
Proqram xarakterli çıxış Milli Məclis qarşısında da bir sıra prioritetlər müəyyənləşdirdi.
Beləliklə, yeni parlament hansı istiqamətlər üzrə xüsusi olaraq səylə işləməlidir?
Bu baxımıdan prezidentin çıxışının əsas tezisləri hansılar idi?
Xüsusilə 3 istiqaməti fərqləndirmək mümkündür.
Birincisi - siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri;
İkincisi - sosial-iqtisadi sahədə aparılan islahatlara dəstək;
Üçüncüsü - beynəlxaq müstəvidə fəaliyyət.
Siyasi dialoq siyasi islahatların başlanğıcı kimi
Azərbaycan dövləti insan hüquq və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin möhkəmlənməsində maraqlıdır və hüquqi-siyasi sahədə aparılan islahatlar bu prioritetin həllinə yönəlib. Altıncı çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması bu çağırışdan irəli gəlir. Növbəti mərhələdə bu parlament öz çoxpartiyalı tərkibi ilə demokratik prinsiplər əsasında siyasi islahatlara da öz mühüm töhfəsini verməlidir.
Prezident qeyd edir ki, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edir ki, bu, demokratiyanın inkişafında önəmli addımdır: “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.
Dövlət siyasi partiyalararası dialoqu siyasi islahatların mühüm elementi kimi qiymətləndirir. Prezident Administrasiyasında müxtəlif partiya rəhbərləri ilə görüşlərin keçirilməsi insiativi məhz bu yanaşmanın ifadəsidir.
Beləliklə, dövlət başçısının ifadə etdiyi kimi, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır və bu yeni modeldə Milli Məclisdən də gözləntilər var: “Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.
Sosial-iqtisadi sahəyə yeni impuls
2019-cu il ölkəmiz üçün sosial-iqtisadi sahədə olduqca mühüm hadisələrlə yadda qaldı, bu sahədə inqilabi xarakterli islahatlar həyata keçirildi. İslahatların hakimiyyətin bütün qollarına qədər şaxələnməsi zərurəti həm də ondan irəli gəlirdi ki, bütün qanadlar başlanmış yeni siyasi kursa öz fəaliyyət müstəvisində müvafiq olaraq dəstək verə bilsin. Parlamentin yenilənməsi məhz bu zərurətdən irəli gəlirdi və növbədənkənar seçkilərlə bu, reallaşdı. Artıq növbə parlamentindir: qanunvericilik bazası yenilənməli, yeni çağırışlara uyğun təşəbbüslər ortaya qoyulmalıdır. Prezident qanunlara yenidən baxılmasının əhəmiyyətli olacağı mesajını açıq mətnlə ifadə etdi və bildirdi ki, mövcud qanunlar doqma deyil: “Biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq. Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün dünya çaş-baş qalır. Ona görə bu qanunlar doqma deyil, onlara, əlbəttə ki, baxmaq lazımdır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir”.
Sosial-iqtisadi sahədə aparılan islahatları da dərinləşdirmək, keyfiyyətcə yeni mərhələyə çıxarmaq, bütün alətlərin funksionallığının artırılmasına xidmət etmək məqsədi ilə bu sahədə də yeniliklər arzuolunandır. Prezident deyir: “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir. Təkcə keçən il mənim təşəbbüsümlə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır”.
Millət vəkilinin funksiyası həm də dövlətin sosial siyasətinin realizəsidir. Deputatın seçicilərinin qayğılarını araşdırması, problemin müvafiq qurumlar qarşısında qaldırılması, qanunvericilik bazasını bu problemlərin həllinə uyğunlaşdırmaq gözləntisi yalnız sosial sifariş deyil, həm də dövlətin parlamentdən istəyidir.
Prezident parlamentdəki çıxışında bu kontekstdə dedi: “Əlbəttə, deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək”.
Beynəlxalq müstəvidə daha fəal
Milli Məclisin mühüm funksiyalarından biri də beynəlxalq müstəvidə təmsilçilikdir. Dövlət başçısının Milli Məclis üzvlərindən daha bir gözləntisi Azərbaycanın haqq işinin həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşasında dövlətin apardığı ardıcıl və məqəsdyönlü siyasətə parlament üzvlərinin də lazımınca dəstək verməsidir. Prezident deyir: “Beynəlxalq fəaliyyətlə bağlı demək istərdim ki, bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar”.
Beləliklə, dövlət başçısının ortaya qoyduğu siyasi iradə, başlatdığı inqilabi islahatlar kursu hakimiyyətin bütün qolları tərəfindən dəstəklənməli, inkişaf etdirilməlidir. Başqa sözlə, hakimiyyətin bütün qanadları kimi, yeni parlament də yeni çağırışlarla üz-üzədir. Bu tələblərə uyğun olaraq formalaşan, gənclik və təcrübənin birləşdiyi yeni parlamentin bu çağırışlara lazımınca cavab verəcəyinə ümidlər böyükdür.
Vüsal Məmmədov