“Sirr deyil ki, koronavirus pandemiyası dünya iqtisadiyyatına zərbə vurmuşdur. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat dəyərində vəsait ayrılıb”.

Bu sözləri Prezident İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Ölkə başçısı işsiz şəxslər üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılacağını deyib: “Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlamış və təsdiq etmişdir. Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Sahibkarlara müraciət edilib ki, iş yerləri ixtisar edilməsin. 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək.

Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə üzrə isə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilib.

İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerləri yaradılacaq.

Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanmışdır”.