Prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün müvafiq işlər aparılır. Artıq bu rəqəm 51 minə bərabərdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində videobağlantı formasında keçirilən kollegiya iclasında bu barədə məlumat verilib. Bildirilib ki, xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınan mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil təqdim olunacaq. Həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək. Ünvanlı yardımla bağlı müraciət prosedurunun aztəminatlı insanlar üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri artıq aidiyyəti üzrə təqdim edilib. Digər yeniliyə əsasən, pandemiya ilə əlaqədar sosial dəstək proqramları çərçivəsində işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtləri yumşaldılacaq. İl ərzində işsizlikdən sığorta ödənişlərinin şamil olunduğu şəxslərin sayı 20 minə çatdırılacaq. May ayında yeni DOST mərkəzinin açılışı da planlaşdırılır.