“Eurohome” MMC-yə məxsus ticarət mərkəzində baş vermiş yanğınlarla bağlı cinayət işləri birləşdirilərək istintaq vahid icraatda davam etdirilir.

Baş Prokurorluq bu barədə məlumat yayıb. Bildirilir ki, hadisə yerindən sübut əhəmiyyətli predmet və nümunələr götürülərək ekspertiza tədqiqatına təqdim olunub. Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi üzərinə qoyulmuş vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı Cinayət Məcəlləsinin - yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda və vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. Hazırda iş üzrə hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

O da bildirilir ki, 10 dekabr 2019-cu il tarixdə həmin ticarət mərkəzində 128 nəfərə məxsus əmlakın yanması ilə nəticələnən yanğın hadisəsinin baş verməsi faktı üzrə vətəndaşlara dəyən 17 milyon 460 min manat maddi ziyanın 13 milyon 796 min manatının ödətdirilməsi təmin edilib.