Azərbaycan Televiziyasının “Çıxışa doğru” tok-şousunda qətl hadisələri, eləcə də ailə münaqişələri müzakirə edilib.
Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib ki, bəzən baş verən hadisəyə insanların reaksiyası adekvat olmur: “Elə məsələlər var ki, onları müzakirə ilə yoluna qoymaq mümkündür, ancaq bəzən bunun əvəzinə şiddət nümayiş etdirilir”.
“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədovun sözlərinə görə, qətli törədən şəxslərin sonrakı taleyi ictimailəşdirilimir: “Sanki qətl hadisənin həlli, sonu kimi göstərilir. Problem var, qətl törədildi, hər şey bitdi. Bəs qətli törədənin həbsxanadakı həyatı, çəkdiyi əzablar niyə təqdim olunmur?”
Hüquqşünas Şamil Paşayev deyib ki, cəmiyyətdə qətllər törətmiş adamlara qarşı bəzən rəğbət hissinə rast gəlinir: “Heç rast gəlmirik ki, hansısa gənc Milli Məclisin deputatını və ya yaxşı jurnalisti özünə ideal seçsin, amma özünü qatilə oxşadan çox sayda adam tapa bilərik”.
Jurnalist V.Məmmədov bu fikri davam etdirərək bildirib ki, kriminal aləmin problemləri həll etdiyi vaxtlar ötən əsrin 30-cu illərində qalıb: “O vaxtlar ki həqiqətən cəmiyyətdə haqsızlıqlar var idi, repressiya vaxtları idi və s. İnsanlar ədaləti “qanuni oğru”larda axtarırdılar. Müasir dövrdə ədalətin bircə yolu var - məhkəmə. Bunun alternativi yoxdur”.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İnqilab Şahbazov bildirib ki, qətllər adətən insanın emosional vəziyyət kontekstində baş verir, ancaq iqtisadi amillər də təsirsiz deyil: “Biz bu yaxınlarda bir araşdırma apardıq, aydın oldu ki, hansı bölgələrdə aztəminatlılıq halları çoxdur, orada ailə münaqişələri də üstünlük təşkil edir”.
Hüquqşünas Şamil Paşayev isə bu faktın ümumi mənzərəni əks etdirmədiyini və əksər kriminal hadisələrin tamah məqsədi ilə törədildiyini bildirib.
Efirə bağlanan Azərbaycan Tibb Universitetinin kafedra müdiri, dosent Şəhla Babayeva qeyd edib ki, uşaqların sağlam mühitdə böyüməsində ailənin rolu əvəzsizdir: “Uşaqların zorakılığın təbliğ olunduğu verilişlərə baxmaq imkanı var. Bu, yolverilməzdir. Ailələr buna da xüsusi diqqət yetirməlidir”.
Müasir Psixologiya Mərkəzinin direktor müavini Aidə Nəbiyeva isə deyib ki, heç bir insan qatil kimi qoğulmur: “Hər bir fərdin cinayətkara çevrilməsində doğulduğu, böyüdüyü cəmiyyətin təsiri olur”.