Bir vaxtlar çayların və digər su mənbələrinin az olduğu ərazilərdə əkin sahələri kəhrizlərin hesabına suvarılıb. Hələ də bəzi ucqar yaşayış yerlərində bu qədim xalq üsuluna üstünlük verilir. Şəkinin Şirinbulaq kəndindəki kəhrizlər kimi... Şəkinin Şirinbulaq kəndinin sakinləri kəhrizləri ekoloji cəhətdən təmiz, etibarlı su mənbəyi, həm də tarixi abidə kimi xarakterizə edirlər.
Şəki sakini Şübay Əliyevin sözlərinə görə, bu, tərləmə yolu ilə gələn sudur, tunellə axıb gəlir, mənbəyi də buradadır: “Kəhrizdən kəndə qədər 1 kilometrə qədər məsafə var. Kənd ora köçəndən sonra - təxminən 70-ci illərə qədər camaat bu sudan istifadə edib”.
Tarixi bilinməyən kəhrizlərdən suyu bulağa gətirən yeraltı borular gildən hazırlanıb. Onların bu günədək möhkəm qalmasının əsas səbəbi də elə budur.
Şəki şəhərindən 42 km uzaqda yerləşən Şirinbulaq kəndinin əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı və heyvandarlıqdır. Bu kənddə qədimdən qalma 2 ədəd kəhriz mövcuddur ki, bu kəhrizlərin biri kənd təsərrüfatı sahəsində, xüsusən də heyvandarlıqda, digəri isə içməli su üçün istifadə olunur.
Şirinbulağın kəhrizləri əsasən Şəki-Qəbələ yaylaqlarındakı Güllü dağın cənub ətəyində yerləşir.
Kəhrizlərdən birini digərlərindən ayıran cəhət odur ki, quyu şəklində deyil, yeraltı tunel kimi qazılıb. Təxminən 50 metr uzunluğunda qazılan tunelin üzərində 5 ədəd göz qoyulub. Bu kəhrizlərin suyu yeraltı qaynama vasitəsilə deyil, tərləmə şəklində əldə edilib. Kənd sakinləri təxminən 150 ildən artıq müddətdə məhz bu sudan istifadə ediblər.
Sakinlərin sözlərinə görə, kəhrizlərə gedən tunelin əvvəllər giriş qapısı olub. Kənkanlar buradan içəri girib kəhrizi təmizləyirmişlər.
Məlumat üçün bildirək ki, son illərdə kənddə subartezian quyuları da qazılıb. Sakinlər bu quyuların suyundan da istifadə edirlər.
Sakin Elmira Dostuyeva bildirir ki, kənddə bir neçə yerdə artezian quyusu da qazılıb.
Şəkidə qədim kəhrizlərin də bərpa olunacağı planlaşdırılır.
Onu da qeyd edək ki, ölkə ərazisində 1500-ə qədər kəhriz var.
Günel Habilqızı, Nigar Davudova