Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev və Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov sərt karantin rejimi müddətində bəzi məsuliyyətsiz insanların hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiv davranışlarını müzakirə ediblər.

Bəzi qaragüruh qüvvələrin və onlara xaricdən dəstək verən ayrı-ayrı fərdlərin sosial şəbəkələrdəki qeyri-adekvat çağırışları, polis işçilərinə qarşı səsləndirdiyi qızışdırıcı fikirlər təhlil olunub. Pandemiya dövründə Azərbaycan polisinin gərgin əməyinə qarşı bu cür qeyri-etik davranışların yolverilməz olduğu bildirilib, bir qrup insanın qanuna zidd hərəkətləri və polis işçilərinin təmkin nümayiş etdirməsi ilə bağlı həyəcan dolu görüntülər yayımlanıb, həmçinin bu günlərdə dünya gündəmini zəbt edən Qərb ölkələrindəki polis zorakılığı konkret faktlarla əsaslandırılıb.

Sonda müsahiblər əhalini bir daha diqqətli olmağa, sosial şəbəkələrdə yayılan saxta xəbərlərə inanmamağa çağırıblar.