Azərbaycanda yeni neft-mədən avadanlığının istehsalına başlanılıb. Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsindən Azərbaycan Televiziyasına bildiriblər ki, 1967-ci ildən istismara verilən müəssisənin 3 əsas sahəsi fəaliyyət göstərir. Mexaniki emal sahəsində 2018-ci ildə aparılan yenidənqurma işlərindən sonra burada 100 adda məhsul istehsal edilir.
Müəssisədə, həmçinin, dalma elektrik mühərriklərinin təmiri və çuğuntökmə sahəsi var. “Minimum xərc, maksimum səmərə” prinsipini əsas götürən müəssisənin əsas fəaliyyət istiqaməti dənizdə və quruda neft-qazçıxarma idarələrinin elektrik dalma qurğuları ilə təmin edilməsi və həmin qurğuların təmir olunmasıdır.
Emal sahəsində istehsal edilən yeni ehtiyat hissələri ilə “Azneft” İstehsalat Birliyinin tələbatını tam ödəmək hədəfə alınıb və bundan sonra xaricdən ehtiyat hissəsi alınmasına ehtiyac olmayacaq. Mexaniki emal sahəsi beynəlxalq standartlara uyğun müasir avadanlıqla tam təchiz edilib.
Qarşıdakı dövrdə müəssisə üzrə istehsal edilən ehtiyat hissələrinin sayının artırılması da planlaşdırılır. Sıradan çıxmış bəzi ehtiyat hissələrinin tam bərpa olunaraq yenidən istifadəsi istiqamətində də işlər aparılır. Rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisənin hədəfi yalnız yerli tələbatı ödəmək deyil, həm də məhsulları ixrac etməkdir.
Sədaqət Süleyman