Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində Milli Məclisin deputatı Sevil Mikayılova və Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov COVID-19-la bağlı ən son vəziyyəti təhlil ediblər.

Pandemiyanın hansı mərhələdə olduğu və xəstəliyin qarşıdakı dövrdə inkişafını proqnozlaşdırmağın tam mümkün olmadığı bildirilib. Azərbaycandakı mövcud vəziyyətin dünya və region ölkələri ilə qarşılıqlı müqayisəsi aparılıb, həmçinin, ÜST-nin Azərbaycanı bir neçə dəfə nümunəvi dövlət adlandırması və düzgün qurulan səhiyyə strategiyası barədə danışılıb. Koronavirusun arealının genişlənməsində psixoloji faktorun rolu, dünyada  və Azərbaycanda vətəndaşların sərt karantin rejiminə reaksiyası müzakirə olunub. Sərhəd tanımayan bu virusa qarşı mübarizədə dövlət və cəmiyyətin həmrəyliyinin vacib olduğu vurğulanıb və bu işdə Azərbaycan həkimlərinin fədakarlığı xüsusi qeyd edilib.

Müsahiblər xəstəliyin dinamikasının bu templə davam edəcəyi təqdirdə vəziyyətin daha ciddi xarakter alacağını bildiriblər. Respublikamızı rəqəmlər təşviş doğuran ölkələrlə müqayisə edərək virusun varlığına inanmayanlara və sosial şəbəkələrdəki yanlış məlumatlara istinad edənlərə çağırış ediblər. Videobağlantı vasitəsilə müzakirələrə qoşulan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə  həftəsonu tətbiq olunacaq sərt karantin rejimi ilə bağlı əhaliyə müraciət edib və müəyyən olunmuş qaydalara qeyd-şərtsiz əməl etməyə səsləyib.