Prezident İlham Əliyevin Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirakı, səsləndirdiyi fikirlər Azərbaycanın uğurlu enerji strategiyası, istehlakçıların elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatına əminliyi bir daha möhkəmləndirdi. Belə ki. son 16 il ərzində 30-dan çox yeni stansiya tikilib, ümumi generasiya gücü 7556 MVt-a çatdırılıb, Azərbaycan enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilib.
Prezident İlham Əliyevin fikirləri bunu bir daha sübut edir: “Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir... Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər”.
Ötən illərlə müqayisədə ölkəmizdə elektrik enerjisi istehsalı və təchizat zəncirində səmərəliliyin təmin edilməsində mühüm addımlar atılıb. 2019-cu ildə elektrik enerjisi istehsalı 2018-ci ilə nisbətən 3,3% artaraq, 26 milyard kilovatsaata çatıb. Qeyd edilən artımın 92,7%-i istilik elektrik stansiyalarının, 7,3%-i digər mənbələrin payına düşür.
Enerji sektoru ilə bağlı daha bir müsbət saldo ondan ibarətdir ki, əhəmiyyətli şəkildə ixrac potensialı formalaşdırılıb. Ötən il ərzində 1,49 milyard kilovatsaat elektrik enerjisi qonşu ölkələrə ixrac olunub. Bu isə özlüyündə qeyri-neft sektorunun inkişafı sahəsində daha bir addım olmaqla yanaşı, ixrac səbətinin zənginləşdirilməsi ilə ölkəyə əlavə valyuta axını deməkdir. Ötən ilin sentyabr ayında 400 meqavatlıq “Şimal-2” elektrik stansiyasının istismara verilməsi isə enerji infrastrukturunun və istehsal gücünü artırılması baxımından tarixi addım idi.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri bu tələbata uyğun olmalıdır: “Ona görə, bu stansiyanın çox böyük əhəmiyyəti var... Bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir. Mən şadam ki, biz bu gün bu stansiyanın açılışını edirik. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir”.
Hazırda ölkənin bir mənbədən asılılığının aradan qaldırılması həm də təhlükəsizlik baxımından strateji faktor kimi qiymətləndirilir və mənbələrin şaxələndirilməsinə mühüm əhəmiyyət verilir. Azərbaycanın ən böyük stansiyası Şirvan şəhərindəki
-“Cənub” Elektrik Stansiyasının generasiya gücü təxminən 800 meqavata bərabərdir.
- Sumqayıt Elektrik Stansiyası - 525 meqavat;
- “Şimal 2” - 400 meqavat;
- “Səngəçal” stansiyası - 300 meqavat gücündədir.
Göründüyü kimi, enerji tələbatının tam həcmdə ödənməsini təmin etmək məqsədilə yanaşı, istehsal və təchizat mənbələrinin diversifikasiyası və fiziki olaraq müxtəlif bölgələrdə yerləşdirilməsi prinsipinə də xüsusi diqqət yetirilib. Azərbaycan enerji istehsalında olduğu kimi, onun istifadəsini də klassik texnologiyalar üzərində qurmur. Ölkəmizin işıqlandırma sahəsində dünya lideri olan “Signify” şirkəti ilə əməkdaşlığı məhz innovasiyaların tətbiqi baxımından əhəmiyyətlidir:
Prezident vurğulayıb: “Sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq. Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq”.
Beləliklə, enerji sahəsində dayanıqlı inkişafın təmin olunması və ixracın genişləndirilməsi üçün proses davamlı və nəticəyönümlü xarakter daşıyır. Dövlət başçısının bu sahə ilə bağlı müəyyən etdiyi konsepsiyada bir neçə istiqaməti xüsusilə fərqləndirə bilərik:
-Daxili enerji təchizatının daha da yaxşılaşdırılması, enerji istehsalı potensialının tam olaraq realizə olunması;
-Bu sahədə innovasiyaların, qabaqcıl texnologiyaların tətbiqi ilə səmərəliliyin artırılması;
-Alternativ enerji mənbələrinin müəyyən edilməsi və onlardan istifadə olunması;
-İxrac coğrafiyasının genişləndirilməsi.
Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu da Azərbaycanda bu sahədə aparılan işləri yüksək qiymətləndirir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan MDB məkanında birinci yerə, dünya miqyasında isə ikinci yerə layiq görülüb. Asiya İnkişaf Bankının ölkəmizdə investisiya yatırmaqda maraqlı olduğu istiqamətlərdən birinin məhz energetika sektoru olması faktı da bu sahədə Azərbaycanın potensialından xəbər verir.
Vüsal Məmmədov