Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəsi Kamran Əliyev və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf” İctimai Birliyinin sədri Anar Xəlilov 2 günlük sərt karantin rejimindən sonra paytaxtda və respublikanın digər bölgələrində yaranan vəziyyəti təhlil ediblər.
Qaydalar çərçivəsində icazə verilmiş şəxslərin hərəkəti barədə məlumat verməklə yanaşı, bəzi vətəndaşların onlara verilmiş imtiyazdan sui-istifadə etməsi hallarını konkret faktlar əsasında şərh ediblər. Yollarda yaranan uzunmüddətli tıxacların əsas səbəbinin bəzi məsuliyyətsiz vətəndaşların qanuna zidd addımlarının olduğu bildirilib. Bakıdan rayonlara gedən və əks istiqamətdə qayıdanların karantin postlarında yaratdığı gərginlik, həmçinin torpaq yollarla müxtəlif istiqamətlərə getmək istəyənlərin cəhdləri karantin rejiminin pozulması kimi dəyərlənirilib və müvafiq qaydada cəzalandırıldığı xüsusi vurğulanıb.
Müsahiblər çağırışlara biganə yanaşan vətəndaşların bu cür laqeyd davranışlarının Azərbaycanın pandemiyaya qarşı mübarizəsinə töhfə vermək əvəzinə vəziyyəti daha da kəskinləşdirməyə xidmət etdiyini vurğulayıblar. Həmçinin, əhalini sosial şəbəkələrdə yanlış informasiyalar yaymamağa və qaydaların əleyhinə çağırış etmələrinə son qoymağa çağırıblar.