Bu gün Azərbaycan Televiziyasının “Hədəf” verilişində Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, politoloq Zaur Məmmədov, siyasi şərhçi Anastasiya Lavrina və videobağlantı vasitəsilə müzakirələrə qoşulan millət vəkili, politoloq Rasim Musabəyov Ermənistanda son günlər yaranan kəskin ictimai-siyasi ziddiyyətləri şərh ediblər.
Müsahiblər Paşinyan hakimiyyətinin Ermənistanı dərin böhrana sürüklədiyini, polis zorakılığının getdikcə güclənməsini, müxalifət partiyalarının parlamentin iclaslarını boykot etməsi və siyasi uçurumun getdikcə dərinləşdiyini vurgulayıblar. Düşünülməmiş siyasəti ilə dalana dirənən, sosial-iqtisadi böhranın şiddətlənməsi fonunda ölkəsini təcrid vəziyyətinə salan Paşinyanın Sarkisyan tərəfdarlarına divan tutması vətəndaşların narazılığını nümayiş etdirən videogörüntülər əsasında təhlil olunub. İşğalçı ölkənin rəhbərliyinin terrorçu və faşist mahiyyəti konkret faktlarla əsaslandırılıb.
Rusiyalı tanınmış jurnalist və siyasi şərhçi Yevgeni Mixaylov da telefon bağlantısı ilə “Hədəf”in studiyasındakı söhbətə qoşularaq Ermənistanda dramatik xarakter alan siyasi proseslər, Rusiya ilə münasibətlərin pisləşməsi, işğal altında qalan Dağlıq Qarabağdakı rejim, insan hüquqlarının pozulması və digər məsələlərdən danışıb.