“Vətəndaşlar son günlər təhlükəni daha dərindən anlamağa başlayıblar. Ona görə ki, çox insanın tanıdığı, qohumu, əzizi koronavirusa yoluxmuş vəziyyətdədir”.

Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində tanınmış ürək-damar cərrahı, Milli Məclisin deputatı Rəşad Mahmudov koronavirus infeksiyasından və ona bəzi insanların inamsızlığından danışarkən deyib. Millət vəkili bildirib ki, insanlar başa düşməlidirlər ki, hökumətin və yaxud da həkimlərin nəyisə ortaya qoymasında bir maraq olmalıdır: “Bu gün ölkə iqtisadi tərəfdən nə qazanır?! İnsanlarımız bu gün xəstəxanalarda koronavirusdan müalicə alan 7 min xəstənin xərclərini düşünsünlər. Bu gün bütün dünya ölkələrində iqtisadi tənəzzüllər var, işsizliyin artması riskləri var. Bunlar ölkəmizə də aiddir. Pandemiyanın önlənməsi və buna qoyulan enerji, ölkənin büdcəsinin balansını saxlamaq, gələcək davamlılığı saxlaya bilmək, bunlar asan məsələlər deyil. Yəni, heç bir ölkənin belə itkilərdə marağı ola bilməz. İlk 4 ayda təlatümlərə baxmayaraq Azərbaycan dövləti iqtisadiyyatını qoruya bilib, sosial proqramların icrası dayanmayıb. Bununla yanaşı, Azərbaycan dünyaya pandemiya ilə bağlı öz münasibətini göstərmək baxımından heç bir ölkədən geri qalmadı. Tibb işçiləri arasında koronavirusa yoluxanlar, həyatını itirənlər var. Mən inanmaq istəmirəm ki, cəmiyyət bunları görmür. Məsuliyyətini, gələcəyini düşünən hər bir vətəndaş koronavirusun nə qədər təhlükəli olduğunu anlayır. Əvvəl inanmayanlar var idi, bu da yəqin ki, məlumatsızlıqdan, etinasızlıqdan idi". R.Mahmudov illərlə qazanmış olduğu tibbi təcrübəyə əsaslanaraq bildirib ki, mart-aprel aylarına nisbətən, onun da qorxusu cəmiyyətlə birlikdə azalıb: "Amma bir həkim kimi təşvişim həddindən çoxdur. Mən bu gün məsuliyyətimi hiss edərək deyirəm, Azərbaycan səhiyyəsi çox böyük təhlükə ilə üz-üzədir. Səhiyyəmizin təhlükəyə girməsi, istər COVID-19-la mübarizədə, istərsə də digər xəstəliklərlə mübarizədə böyük zərbələr almamıza səbəb ola bilər. Artıq biz limitimizin bəlli bir mərhələsinə gəlmişik ki, bunun bir az da o tərəfə getməsi təhlükədir. Heç bir ölkə qarant ola bilməz ki, bu yük qarşısında dura biləcək. Bunu biz dünya ölkələrində gördük. Ona görə də mən Azərbaycanın hər bir vətəndaşını həmrəylik ortaya qoymağa səsləyirəm. Mən inanıram ki, Azərbaycan cəmiyyəti olaraq həmrəy olacağıq, əl-ələ verib bu çətinliyi arxada qoya biləcəyik".