Postpandemiya dövrü qlobal iqtisadi münasibətlərdə, eləcə də investisiyalar uğrunda mübarizədə yeni mərhələ olacaq.
Resessiyadan sonra rəqabətin kəskinləşəcəyi qaçılmazdır. Dövlətlər bu mərhələdə də investisiyanın yalnız sahələr üzrə deyil, yerləşdikləri coğrafiya boyunca şaxələnməsində maraqlı olacaqlar.“İnkişaf motoru” kimi qəbul olunan sərmayələrin cəlb olunması uğrunda qlobal bazar daim mübarizədədir. Azərbaycan istər mövcud potensialı, istər ortaya qoyulan siyasi iradə, istərsə də biznes mühitinin liberallaşdırılması istiqamətində aparılan islahatlar baxımından bu rəqabətdə favorit hesab oluna bilər.
Təsadüfi deyil ki, bugünədək Azərbaycana yatırılmış 270 milyad dollarlıq investisiyanın yarısı xarici sərmayələrdir.Bu, şübhəsiz ki, xarici investorların Azərbaycana olan inamının göstəricisidir.
Ancaq iqtisadiyyatın diversifikasiyasını və postneft dövründə neftdən asılılığın tam aradan qaldırılmasını prioritet hesab edən ölkəmiz üçün bu gün hədəflər daha geniş spektrlidir. Regionlara investisiyaların cəlb edilməsi bu mənada xüsusi əhəmiyyət verilən istiqamətlərdən biridir.
Prezident İlham Əliyevin dedikləri bunu bir daha sübut edir: “Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər”.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin ilk rübündə ölkəyə 3 mlrd 77 mln AZN investisiya yatırılıb. Bu investisiyanın 69%-i, yəni hər 3 manatdan 2-si Bakı və Abşeron yarımadasına yönlənib.
Göründüyü kimi, sərmayələrin bölgüsündə regionların payı olduqca aşağıdır. İnvestisiyaların cəlb edilməsindəki funksionallığa gəldikdə isə, təəssüf ki, yerli icra hakimiyyəti orqanları bu prosesdə yetərincə aktiv deyil. Halbuki, iqtisadiyyatın liberallaşdırılması, infrastruktur layihələri, xüsusilə də:
- Yeni Bakı Beynəlxalq Dəniz ticarət Limanının;
- Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin;
- Hər bir iqtisadi rayonda müasir hava limanları kompleksinin yaradılması imkan verir ki, Azərbaycanın şəhər və rayonları qlobal ixrac zəncirinə asan şəkildə qoşulsun.
Regionların mövcud potensiallarına adekvat həcmdə sərmayə cəlb edə bilməməsinin əsas səbəblərindən biri yerli icra hakimiyyətlərinin investisiya strategiyasına malik olmamalarıdır. Yerli icra strukturları tərəfindən investorların diqqətini cəlb edə biləcək addımlar, onlarla görüşlər, yerli və xarici sərmayədarlar üçün təqdimatların keçirilməsi ilə bağlı informasiyalara çox az hallarda rast gəlmək mümkündür. İnformasiya demişkən, müasir dünyanın hərəkətverici qüvvəsinə çevrilmiş internet şəbəkəsində kifayət qədər dolğun məlumatların əks olunduğu rəngarəng informasiya portalı da sərmayədarların diqqətini cəlb edə bilər. Ancaq təəssüf ki, yerli icra hakimiyyətlərinin saytları da nə forma, nə də kontent baxımından yeni çağırışlara adekvat deyil. Bu internet resurslar bir-birinin oxşarı olmaqla yanaşı, regionların investisiya imkanları barədə nə ingilis, nə də rus dilində istifadəçiyə hər hansı məlumat vermir. Bu isə potensial investorun digər ölkəyə və ya regiona üz tutmasına səbəb olur. Son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə ölkəmiz arasında ikiqat vergitutma aradan qaldırılıb.
Söhbət yalnız regionun spesifik potensialının realizə olmasından yox, ümumilikdə qlobal dəyər zəncirində iştirakın mümkünlüyündən gedir. Bu mənada kifayət qədər beynəlxalq təcrübə də var: Misal üçün, Mərakeş Fransanın “Renault” şirkətini, Polşa “Hyundai” şirkətini öz regionuna investisiya yatırmağa, Çin dünyanın ən nəhəng şirkətlərinin ölkə boyunca istehsal müəssisələrini qurmağa təşviq edə bilib. Burada əsas faktorlardan biri adıçəkilən ölkələrin böyük bazarlara yaxınlığıdır. Azərbaycan regionları da bu nümunədən uğurla istifadə edə bilərlər. Belə ki, Azərbaycan ətrafında 350 milyonluq böyük bazar mövcuddur və bu da xarici investorlara parlaq nəticələr vəd edir.
Dünya Bankının nüfuzlu "Doing Business 2020” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasına daxil edilməsi ölkəmizdə aparılan ardıcıl islahatların ifadəsi olmaqla yanaşı, xarici sərmayədarların diqqətinin ölkəmizə yönəlməsi baxımından da əhəmiyyətli faktdır. İndi qalır, regionların bu investisiyaları özünə cəlb etməsi.
Vüsal Məmmədov