Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilən səlahiyyətləri çərçivəsində korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərə qarşı mübarizədə tədbirlərin icrasını davam etdirir. Həyata keçirilən istintaq tədbirləri çərçivəsində Abşeron rayon və Şirvan şəhər İcra Hakimiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161–Qaynar xətt” əlaqə mərkəzinə Abşeron rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olan müraciətlər araşdırılıb. Əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib. Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyənləşib. Odur ki, Akif Əliyev 23 iyun 2020-ci iltarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci - rüşvət alma maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunan, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Həmçinin, araşdırma zamanı Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kv/m qeyri-yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhriketməsinə şübhələr üçün əsaslar müəyyən edilib. Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Murad Əhmədov vətəndaşı aldadaraq 1000 manat məbləğində pulu 20.06.2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanıb. Qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilən əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə də təsdiqlənib. Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 - rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən rayon icra hakimiyyətinin əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyə edir.
Bununla yanaşı, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə də vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar İdarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Eyyub Gülməmmədov tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon məhkəmənin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.