“Dünya miqyasında son 10 il ərzində bu tip pandemiya müşahidə edilməyib”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. H.Hacıyev qeyd edib ki, dünya ölkələri tərəfindən karantin elan olunur, sonra müəyyən yumşalmalar edilir, bunun nəticələrində yoluxmalar artır, təkrar karantin elan edilir: “Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti cənab Prezidentin, Birinci vitse-prezidentin nəzarətindədir. Mütəmadi olaraq ölkə rəhbərliyi tapşırıqlarını verir”.

 “Qeyd etdiyimiz kimi, bu müharibədir və davam edir. Hər bir vətəndaşımız qarşısında böyük məsuliyyət qoyur. Məlumdur ki, iyulun 5-dək xüsusi karantin rejimi tətbiq edilib. Fikirlər və rəylər var ki, 5 iyuldan sonra xüsusi karantin rejimi daha iki həftəlik artırılsın. Qarşıdakı günlərdə daha təfərrüatı ilə ictimaiyyətə, xalqımıza məlumat veriləcək. Məqsəd vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyinin təmin olunmasıdır”, - deyə H.Hacıyev vurğulayıb.